Mart ayının 14-də Sabirabad Rayon Ağsaqqallar Şurasının sədri, vətənpərvər ziyalı, müdrik ağsaqqal, alicənab insan Eyvaz Fərzəliyevin 75 yaşı tamam olur.
Düzlüyə, halal əməyə, Vətənə məhəbbətə söykənən zəhmətkeş bir ailədə dünyaya göz açan Eyvaz Fərzəliyevin şərəfli ömür yolu doğma Sabirabad torpağına, onun dəyərli insanlarına sədaqətli xidmət nümunəsidir. Əmək fəaliyyətinin hər mərhələsi məsuliyyət, peşəkarlıq və təşkilatçılıq bacarığı ilə zəngin olan Eyvaz müəllim bölgənin nüfuzlu təsərrüfat rəhbərlərindən biri kimi aqrar-sənaye sahəsində müxtəlif vəzifələrdə uğurla çalışmışdır. Dövlət qulluğunda uzun illər səmərəli fəaliyyət göstərərək, eləcə də hər zaman prinsipiallıq, ədalət və işgüzarlıq nümayiş etdirərək II dərəcəli dövlət qulluqçusu kimi təqaüdə çıxması onun xidmətlərinin layiqincə dəyərləndirilməsinin bariz göstəricisidir.
Bu gün Sabirabadın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan Rayon Ağsaqqallar Şurasına rəhbərlik edən Eyvaz Fərzəliyev xüsusi ehtiram və rəğbət qazanmış bir ağsaqqaldır. Onun təşəbbüs və səyləri ilə rayonda ağsaqqallar institutu daha da fəallaşmış, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsi, cəmiyyətimizdə sağlam münasibətlərin təşviqi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülmüşdür. Xüsusilə ağsaqqalların gənclərlə keçirdiyi görüşlər, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı, onların rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakı yüksək təqdirəlayiqdir. Hər zaman dövlətçilik mövqeyini qətiyyətlə müdafiə edən, Azərbaycançılıq ideologiyasının təbliğinə, milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə öz dəyərli töhfəsini verən Eyvaz Fərzəliyev həm də gözəl ailə başçısı, cəmiyyətə layiqli övlad və nəvələri üçün nümunə olan ata və babadır.
Bu əlamətdar gündə həyatı zəhmətlə yoğrulmuş, ləyaqətlə yaşanmış Sabirabad elinin müdrik ağsaqqalı, vətənpərvər ziyalısı Eyvaz Fərzəliyevi 75 illik şanlı yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq! Qoy bu mübarək Ramazan ayında, Novruz bayramı ərəfəsində dəyərli ağsaqqalımızın ömrü bərəkətli, süfrəsi ruzili, evi daim işıqlı olsun!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV