Noyabr ayının 10-da Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ömrünün böyük bir hissəsini milli mətbuatımızın inkişafına, doğma şəhərinin ictimai-mədəni həyatına və cəmiyyətimizin mənəvi dəyərlərinin təbliğinə həsr etmiş, zəngin əmək təcrübəsinə malik vətənpərvər ziyalı, dəyərli ağsaqqal Fəxrəddin Rəhimovun 75 yaşı tamam olur.
Fəxrəddin Rəhimov uzun illər jurnalistika sahəsinə, xalqına və dövlətinə fədakarlıqla xidmət etmişdir. Hələ gənc yaşlarından əmək fəaliyyətinə başladığı mətbuat sahəsi onun həyatının əsas qayəsinə çevrilmiş, illər ərzində qazandığı bilik, təcrübə və peşəkar bacarıq sayəsində Şirvanın nüfuzlu qələm sahiblərindən biri kimi tanınmışdır. Uzun müddət çalışdığı “İşıq” qəzetində müxbirdən şöbə müdirinə, məsul katibdən redaktor müavininə qədər müxtəlif vəzifələrdə göstərdiyi səmərəli fəaliyyət ona həmkarları və oxucular arasında böyük hörmət qazandırmışdır. 2017-ci ildən etibarən “İşıq”, hazırda isə “Şirvan” qəzetinin baş redaktoru kimi fəaliyyətini davam etdirən Fəxrəddin müəllim yerli mətbuatın ənənələrinin qorunmasına, şəhərin ictimai-mədəni həyatında baş verən mühüm hadisələrin işıqlandırılmasına, milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ideyalarının təbliğinə öz dəyərli töhfələrini verməkdədir.
Onun çoxillik və səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalları ilə təltif olunması onun dəyərli əmək fəaliyyətinə, peşəsinə sədaqətinə və milli mətbuatımızın inkişafına verdiyi xidmətlərə göstərilən yüksək ehtiramın təzahürüdür.
Fəxrəddin Rəhimovun çoxşaxəli fəaliyyətində ağsaqqallıq missiyası xüsusi yer tutur. Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri kimi o, öz zəngin həyat təcrübəsini, jurnalist nüfuzunu və təşkilatçılıq bacarığını cəmiyyətimizin mənəvi dayaqlarından olan ağsaqqallıq institutunun möhkəmləndirilməsinə yönəltmişdir. Malik olduğu yüksək keyfiyyətlər Fəxrəddin müəllimə şəhər ictimaiyyəti arasında böyük nüfuz və ehtiram qazandırmış, onu sözü dinlənilən, məsləhəti dəyərli, təcrübəsi gənc nəsil üçün örnək olan el ağsaqqalına çevirmişdir. Şirvanın ictimai-mədəni həyatında bu gün də fəal iştirak etməsi onun vətəndaş mövqeyinin, ictimai məsuliyyətinin və doğma şəhərinin inkişafına bağlılığının bariz nümunəsidir. Əminik ki, Fəxrəddin Rəhimovun rəhbərliyi ilə Şirvan şəhərinin ağsaqqalları bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ailə dəyərlərinin möhkəmləndirilməsi, cəmiyyətdə qarşılıqlı hörmət və həmrəyliyin gücləndirilməsi istiqamətində öz layiqli fəaliyyətlərini uğurla davam etdirəcəklər.
Şirvan şəhərinin hörmətli ziyalısı, müdrik ağsaqqal, alicənab insan Fəxrəddin Rəhimovu 75 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, doğmalarının əhatəsində xoş günlər, tükənməz enerji və doğma şəhərinin ictimai-mədəni həyatında, eləcə də ağsaqqallıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri
adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV