May ayının 3-də Füzuli və Ağdam rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının məsul işçisi Elşad Quliyev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhrəman şəhidlərimizin və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hər iki rayonun İcra Hakimiyyətinin başçıları Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və tədbir iştirakçılarını salamlayaraq, ağsaqqalların Füzuli və Ağdam rayonlarının ictimai-mədəni həyatındakı akitiv fəaliyyətindən bəhs ediblər. Vurğulayıblar ki, milli və mənəvi dəyərlərimizin qorunması, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir çox işlər görən ağsaqqallar hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olublar. Müntəzəm şəkildə vətəndaşlarla, xüsusilə gənclərlə, şəhid ailələrinin üzvləri və qazilərlə görüşlər, tədbirlər keçirərək öz maarifləndirici ağsaqqallıq missyalarını layiqincə yerinə yetiriblər. İcra başçıları rayon ağsaqqallarının hər zaman Vətənimizin tərəqqisinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi yüksək fəaliyyətə töhfə verəcəklərinə əmin olduqlarını bildiriblər.
Sonra Füzuli Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev və Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov görülən işlərlə bağlı hesabat məruzələri ilə çıxış ediblər. Yerli təşkilatların fəaliyyətləri haqqında ətraflı məlumat verən natiqlər bildiriblər ki, ötən dövr ərzində Şura üzvləri rayonlarda baş tutan toplantılarda, o cümlədən “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə, şəhidlərimizə həsr edilmiş anım mərasimlərində, qazilərlə görüşlərdə yaxından iştirak etmiş, onlara mənəvi dəstək olmuş, gənclərlə mütəmadi olaraq maarifləndirici işlər aparmışlar. 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində də Şura üzvləri öz fəallıqları ilə seçiliblər. Milli-mənəvi dəyərlərimizin formalaşmasında, yaşadılmasında və gənclərə aşılanmasında ağsaqqal sözünün daşıdığı önəmi vurğulayan rayon sədrləri ağsaqqalların bundan sonra da ölkəmizin ictimai-mədəni həyatında əhəmiyyətli rol oynayacaqlarını bildiriblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından salamlayaraq qeyd edib ki, Füzuli və Ağdam rayonları onun üçün doğmadır və o bu rayonların dəyərli ağsaqqalları, zəhmətkeş əhalisi ilə görüşməkdən çox məmnundur. Vahid Novruzov öz nitqində artıq Azərbaycanın yalnız regionda deyil, bütün dünyada sayılıb-seçilən ölkə olduğunu vurğulayaraq bildirib ki, bu uğurların memarı Ulu Öndərimiz Heydər Əliyevin ideyalarını reallaşdıran möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Sonra o, 7 fevral tarixində keçirilən prezident seçkilərindən söz açaraq xalqımızın böyük dəstəyi sayəsində 92 faizdən çox səs toplayaraq böyük üstünlük qazanan cənab İham Əliyevin möhtəşəm qələbəsindən bəhs edib. Dövlət başçısına gələn təbriklərdə də xüsusi vurğulandığı kimi, bu seçkilərin əsas özəlliyi həm də onda idi ki, ölkəmiz müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq seçkilər bütün suveren Azərbaycanda keçirilirdi. Bu, xalqımızın növbəti uğuru idi. “Lakin yaddan çıxarmaq olmaz ki, Azərbaycanı sevməyən xarici qüvvələr də vardır. Vətəndaşlarımız, o cümlədən biz ağsaqqalar da hər bir sahədə ayıq-sayıq olmalı, bu qüvvələrə qarşı ölkə başçısı cənab İlham Əliyevi dəstəkləyən vətənpərvər gənclərimizi xarici təsirlərdən qorumalıyıq” – deyə natiq qeyd edib.
Vahid Novruzov Azərbaycanın möhtəşəm bir tədbirə – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi barədə də danişıb. Bildirib ki, COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir. Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının gördüyü işlər barədə də ətraflı məlumat verən natiq Şuranın son üçillik fəaliyyətinin əks olunduğu kitabı tədbir iştirakçılarına təqdim edib. Sonda Vahid Novruzov Füzuli və Ağdam Rayon Ağsaqqallar Şuralarının hesabatlarını qənaətbəxş hesab edərək onlara gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayıb.
Konfranslarda çıxış edən digər natiqlər də rayon ağsaqqallarının fəaliyyətini yüksək dəyərləndirərək onlara gördükləri işlərdə nailiyyətlər diləyiblər.
Hesabat konfranslarında bəzi təşkilati məsələlərə də baxılıb və hər iki rayonun Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib.