Gəncə Şəhər Ağsaqqallar Şurası Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatı ilə birgə “Heydər Əliyev İli”nə həsr olunmuş “Biz torpaqlarımıza qayıdacağıq” mövzusunda konfrans keçirib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, gənclər, Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəliyinin üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək bildirib ki, bu gün xalqımız böyük sevinc və qürur hissi yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, milli maraqlara söykənən siyasi konsepsiya düşmən tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və ölkəmizin öz tarixi ərazilərinə qovuşmasına gətirib çıxarıb. Biz inanırıq ki, yaxın gələcəkdə Qərbi azərbaycanlılar da ilə öz doğma torpaqlarına qayıdacaqlar.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin olunmasından söz açıb. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz şanlı Zəfər qazanaraq, haqq-ədaləti bərpa edib, torpaqlarımız erməni işğalçılarından tamamilə azad olunub. İşğaldan azad edilmiş torpaqlarımızda Dövlət başçımız cənab İlham Əliyev tərəfindən yüksəldilən qalibiyyət bayrağımız ata-baba yurdumuzda əbədi dalğalanacaqdır. Vahid müəllim Azərbaycan tarixinin qüdrətli lideri cənab İlham Əliyevin 20 illik möhtəşəm prezidentlik fəaliyyətindən də bəhs edərək bildirib ki, uğurlu daxili və xarici siyasəti, yüksək diplomatik istedadı və sərkərdəlik qabiliyyəti ilə Ölkə başçısının düşmənlərimiz üzərində qazandığı böyük Zəfər və digər nailiyyətlər olduqca qürurvericidir. Biz fəxr edirik ki, cənab İlham Əliyev kimi qətiyyətli, müdrik, cəsarətli Prezidentimiz var. Vahid Novruzov rəhbərliyində təmsil olunduğu Qərbi Azərbaycan İcmasının da fəaliyyətindən danışaraq əminliklə vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri öz tarixi Vətənlərinə qayıdacaqlar. Çünki dəfələrlə deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların sülh yolu ilə doğma torpaqlarına qayıtmaları üçün hüquq bizim yanımızdadır.
Sonra çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəliyinin rəhbəri, professor Mübariz Yusifov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov və digər natiqlər Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter almasının, sabit dövlət quruluşunun yaranmasının məhz dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu iftixar hissi ilə dilə gətirərək Ümummilli Liderin Vətən, xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı söhbət açıblar. Vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin soydaşlarımızın ata-baba yurdlarına, Qərbi Azərbaycana qayıtmaları üçün apardığı uzaqgörən siyasət bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqilliyimizin Prezident cənab İlham Əliyev rəhbərliyi altında tamamilə sarsılmaz olduğunu qeyd edən Respublikanın Xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktyoru Məmmədəli Balayevin ifasında səsləndirilən şeirlər tədbir iştitakçılarının gurultulu alqışları ilə qarşılanıb.







