Xəbərlər

Gəncə Şəhər Ağsaqqallar Şurasında görüş keçirilib

Oktyabr ayının 21-də Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədovun rəhbərliyi ilə şəhərin ictimai həyatında xüsusi rolu olan fəal qadınlarla “Gənclər arasında ailənin və nigahın əhəmiyyəti, möhkəmləndirilməsi və qorunması yolları” mövzusunda görüş keçirilib.

Professor Nurəddin Məmmədov görüş iştirakçılarına Azərbaycanda gənc ailələrdə boşanma hallarının artmasına səbəb olan amillərdən söhbət açıb. Vurğulayıb ki, ölkəmizdə, xüsusilə də regionlarda, əsasən, valideynlərin təkidi ilə erkən yaşda qurulan ailələrdə boşanma halları daha çox olur. Belə ailələrdə fiziki zorakılıq hadisələri də baş verir. Həmçinin o, əlavə edib ki, belə cütlüklər bir çox hallarda normal təhsil almadıqlarından onların işlə təminatında problemlər yaranır və nəticədə ailədə maddiyatla bağlı ciddi çətinliklər ortaya çıxır. Bu da boşanma hallarının artma səbəblərindən biridir. Natiq onu da qeyd edib ki, hər birimiz, xüsusilə də ağsaqqallar, ağbirçəklər, ziyalılar cəmiyyətdə, ailələrdə bu hallara qarşı mübarizə aparmalı, gənclərin maarifləndirilməsində, onlara ailə dəyərlərinin aşılanmasında yaxından iştirak etməlidirlər.

Sonra mövzu ətrafında cıxış edən digər natiqlər də nigahın pozulmasının əsl səbəbləri və onların qarşısının alınması istiqamətində aparılan işlər haqqında geniş müzakirələr aparıblar.

Sonda görüş iştirakçıları gələcəkdə də belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.