Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov tədbir iştirakçılarını salamlayıb. Sonra o, 2024-cü ilin son 9 ayı ərzində Şəhər Ağsaqqallar Şurasının təşkil etdiyi tədbirlər haqqında İdarə Heyətinin üzvlərinə ətraflı məlumat verib, görülən işlərdən bəhs edib, qarşıdan duran vəzifələrdən söz açıb. Daha sonra gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları bir sıra aktual məsələlərlə bağlı öz təklif və tövsiyələrini bildiriblər.
İclasın sonunda təşkilati məsələlərə baxılıb. Gəncə Şəhər Ağsaqqallar Şurasına yeni sədr müavininin təyin edilməsi müzakirə olunub. Nurəddin Məmmədov bildirib ki, Şəhər Ağsaqqallar Şurasının fəaliyyətinin gündən-günə genişləndiyini və qarşıda duran vəzifələrin artdığını nəzərə alaraq Şuranın həyata keçirdiyi işlərin daha səmərəli yerinə yetirilməsi üçün yeni sədr müavininə ehtiyac yaranıb. Nurəddin müəllim Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, öz səmərəli fəaliyyəti ilə təşkilatın işinə böyük töhfələr verən Ramiz Sadıxovun bu vəzifəyə layiqli namizəd olduğunu qeyd edib və Şuranın Əsasnaməsinin 5.8-ci bəndini rəhbər tutaraq onun bu vəzifəyə təyin olunmağını məqsədəuyğun hesab edib. Tədbirdə iştirak edən Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri də Şuranın səmərəli fəaliyyətində Ramiz Sadıxovun xidmətlərini yüksək qiymətləndiriblər və onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliklərini bildiriblər. İclasda, həmçinin, Gəncə Şəhər Ağsaqqallar Şurasına üzv olmaq istəyən şəxslərin müraciətləri müzakirə olunub.




