May ayının 24-də Goranboy Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə konfrans iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.
Konfransda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyevi və konfrans iştirakçılarını salamlayıb, ağsaqqalların, o cümlədən Goranboy rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, aktiv fəaliyyətlərindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ağsaqqallara böyük ehtiramla yanaşdığını qeyd edən natiq vurğulayıb ki, məhz onun hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Sonra Goranboy Rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədovun yerli təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məruzəsi dinlənilib. Məruzədə hesabat dövrü ərzində Rayon Ağsaqqqallar Şurasının gördüyü işlərdən, keçirilən və ağsaqqalların iştirak etdikləri tədbbirlərdən ətrafli bəhs edilib. Qeyd olunub ki, təşkilatın üzvləri rayonun ictimai-mədəni həyatında əhəmiyyətli rol oynayaraq əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər. Goranboy Rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov gələcəkdə də fəaliyyətlərini yüksək əzmkarlıqla davam etdirəcəklərini bildirib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, ona doğma olan Goranboyda ağsaqqallarla, yerli sakinlərlə görüşməyindən məmnun olduğunu bildirib. Hesabatı, görülən işləri qənaətbəxş qiymətləndirən natiq Azərbaycan Ağsaqqallar Şurasının bugünkü fəaliyyətinin, o cümlədən Goranboy rayonu da daxil olmaqla bölgələrimizdə mütəşəkkil qaydada təşkil olunan hesabat konfranslarının Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qloballaşan dünyanın müasir çağırışlarına uyğun layiqincə davam etdirdiyi dövlət siyasətinin sayəsində müstəqillik tariximizin ən qüdrətli dövrünə təsadüf etdiyini vurğulayıb. Xüsusi olaraq qeyd edib ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz şanlı Zəfərimizdən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradan Azərbaycan Böyük Qayıdış proqramını uğurla reallaşdıraraq daha böyük hədəflərə doğru inamla irəliləyir.
Ağalar Vəliyev Azərbaycan Ağsaqqallar Şurasının prioritetlərindən, qarşıya qoyduğu əsas məqsədlərdən də söz açıb. Bildirib ki, hazırda təşkilatın qarşısında duran ən ümdə vəzifələr ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun uğurlu daxili və xarici siyasətinin dəstəklənməsinə və təbliğinə, xalqımızın milli-mənəvi dəyərlərini, habelə müasir inkişaf meyillərini nəzərə alaraq ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyətimizin aktual məsələlərinin həllinə layiqli töhfələr verməkdir. Natiq çıxışının sonunda Goranboy Rayon Ağsaqqallar Şurasının üzvlərinə möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Hesabat məruzəsi ətrafında çıxış edən digər natiqlər də rayon ağsaqqallarının fəaliyyətini qənaətbəxş hesab edərək, onlara gördükləri işlərdə nailiyyətlər diləyiblər və cəmiyyətimizdə ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu vurğulayıblar.
Konfransda bəzi təşkilati məsələlərə də baxılıb, Goranboy Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin dünyasını dəyişmiş üzvünün yerinə yeni üzv seçilib.
Konfrans günü Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyevin təşəbbüsü və maddi dəstəyi ilə Seçki Dairəsi üzrə Goranboy, Ağdam və Tərtər rayonlarından yaxın günlərdə Həcc ziyarətinə yola düşəcək şəhid və qazi ailələrindən olan beş zəvvarla görüş keçirilib, deputat tərəfindən onlara fərdi xərcləri üçün maliyyə vəsaiti təqdim edilib və müqəddəs ziyarətlə bağlı zəruri tövsiyələr verilib.
















