Göyçay Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, Rayon İcra hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid atası Akif Kərimov, Şura üzvləri – Heydər Quliyev, Məmmədağa Məcnunov, Elşən Süleymanov və eləcə də bir qrup rayon ağsaqqalları və din xadimləri iştirak ediblər.
Yığıncaqda ilk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid atası Akif Kərimov açaraq böyük Zəfərə aparan çətin və şərəfli yolda 2016-cı il aprel döyüşlərinin vacibliyini qeyd etmiş, düşmənin məğlub edilməsində bu döyüşlərin tarixi əhəmiyyətindən danışmışdır.
Rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov da öz çıxışında Aprel döyüşlərindən başlayan qəhrəmanlıq yolundan bəhs etmiş, vurğulamışdır ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu və suverenliyimiz tam bərpa edildi.
Daha sonra Şura üzvü Elşən Süleymanov və digər natiqlər işğaldan sonra Qarabağda aparılan tikinti-quruculuq işlərindən və Böyük Qayıdışdan ətraflı danışıblar.



