25 aprel 2026-cı il tarixində Qaraçuxur qəsəbəsinin Yeni Günəşli V yaşayış sahəsində Suraxanı Rayonu Ağsaqqallar Şurasının iclası keçirilib.
İclasda Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavinləri – rayonun fəxri sakini Hicran Şərifov və şəhid Muxtar Qasımlının atası Əli Qasımlı çıxış ediblər. Ölkəmizin daxili inkişaf dinamikası, gənclərin mənəvi tərbiyəsi və Şuranın təşkilati fəaliyyətinin təkmilləşdirilməsi məsələləri ilə bağlı fikirlərini bildiriblər. Vurğulayıblar ki, Azərbaycan xalqı olaraq keçdiyimiz tarixi yol nə qədər çətin və sınaqlarla dolu olsa da, dövlətimiz hazırda öz inkişafının ən qüdrətli mərhələsini yaşayır. Müasir dövrdə əsas hədəfimiz qazanılan uğurları qorumaq və Azərbaycanın beynəlxalq nüfuzunu uca tutmaqdır. Bu inkişafın davamlı olması üçün hər bir vətəndaşın, xüsusilə cəmiyyətin mənəvi sütunu olan ağsaqqalların üzərinə böyük məsuliyyət düşür.
İclasda cəmiyyətin gələcəyini təhdid edən narkomaniya və digər zərərli meyillərə qarşı mübarizə məsələləri müzakirələrin ana xəttini təşkil edib. Qeyd olunub ki, qlobal dünyanın gətirdiyi mənfi təsirlər gənclərin sağlam formalaşmasına ciddi maneələr yaradır. Bu istiqamətdə ağsaqqal tövsiyəsi və müdrik məsləhəti gənclər üçün yol göstərici olmalı, onları yanlış addımlardan qoruyan mənəvi bir sipər rolunu oynamalıdır. Milli tərəqqi həm iqtisadi uğurlarla, həm də sarsılmaz mənəvi dəyərlərimizlə vəhdət təşkil etdikdə daha davamlı və sarsılmaz olur.
Səmərəli və səmimi şəraitdə keçən tədbirdə Şuranın fəaliyyət effektivliyini artırmaq məqsədilə daxili nizam-intizam qaydalarına dair mühüm qərarlar da qəbul edilib. Belə ki, Şuranın tədbirlərində və ictimai layihələrdə mütəmadi iştirak etməyən, üzvlük statusunun tələblərini yerinə yetirməyən şəxslərin üzvlükdən kənarlaşdırılması məsələsi qəti şəkildə qoyulub. Bu addım qurumun dinamik fəallığını və iş prinsipini təmin etmək məqsədi daşıyır. Eyni zamanda Şura sıralarının yenilənməsi üçün yeni prosedurlar müəyyən edilib: rəsmi ərizə ilə müraciət edən və müvafiq meyarlara cavab verən ağsaqqalların müraciətlərinə baxılaraq, onların üzvlüyə qəbulu təmin ediləcəkdir.
İclasın sonunda bir daha bəyan edilib ki, ağsaqqallar gənc nəslin sağlam mənəviyyatla yetişməsi üçün bütün təcrübə və biliklərini bundan sonra da tam səfərbər edəcəklər.








