Xəbər verdiyimiz kimi, mayın 2-də Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Bu konfransda Türk dövlətlərini təmsil edən nümayəndələr növbəti gün, may ayının 3-də Azərbaycan Ağsaqqallar Şurasının qonağı olublar.
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Şuranın sədr müavini, professor Elmira Süleymanova, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, millət vəkili, professor Aqiyə Naxçıvanlı, Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, habelə Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turgener, “Heydər Əliyev və müasir Türk dünyası” beynəlxalq elmi-praktiki konfransda türk dövlətlərini təmsil edən digər nümayəndələr – Özbəkistanın Ali Məclisinin senatoru Sodiqjon Turdiyev, Qazaxıstanın Senatorlar Şurasının üzvü, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvü İkram Adırbek, Qırğız Respublikasının Parlamentinin sabiq spikeri, TDT Ağsaqqallar Şurasının üzvü Medetxan Şerimkulov, Şimali Kipr Türk Respublikasının tanınmış ictimai-siyasi xadimi, TDT Ağsaqqallar Şurasının üzvü Tansel Fikri, Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Muzaffer Şeker, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının prezidenti, professor Ahmet Nuri Yurdusev, Özbəkistan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, akademik Sirojiddin Mirzayev, Türkiyənin tanınmış yazıçısı, publisist İmbat Muğlu və başqaları iştirak ediblər.
Səmimi şəraitdə keçən görüş zamanı Eldar Quliyev türk dövlətləri nümayəndələrinə “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etdikləri üçün öz təşəkkürünü bildirib. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzv ölkələri ilə qurulmuş yaxın əməkdaşlıq əlaqələrindən bəhs edən Eldar Quliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfransı bu istiqamətdə atılmış növbəti mühüm addım kim dəyərləndirib. Qeyd edib ki, bu münasibətlər fonunda gələcəkdə digər sahələrdə də tədbirlər və bir sıra layihələr həyata keçiriləcək. O, həmçinin vurğulayıb ki, hazırda Türk dövlətləri arasında əlaqələr yüksələn xətlə sürətlə inkişaf etdirilir və bu işdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və digər Türk dövlətləri liderlərinin böyük əməyi vardır. Söhbət zamanı natiq may ayının 14-də Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinə də toxunaraq bildirib ki, bu, yalnız qardaş ölkə üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən bir məsələdir. Biz əminik ki, Türkiyə ilə yanaşı, digər Türk dövlətlərinin inkişafına da öz qardaş dəstəyini heç zaman əsirgəməyən, bütün Türk dünyasının dostu cənab Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanacaq.
Qardaş Azərbaycanda onları belə səmimi şəkildə qəbul etdikləri üçün öz minnətdarlıqlarını ifadə edən konfrans nümayəndələri “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən danışıblar. Söhbət zamanı bir daha qürurla qeyd ediblər ki, Türk dünyası böyük bir ailədir və biz – bu ailənin ayrılmaz üzvləri olan türk dövlətləri bundan sonra da bütün sahələrdə bir-birimizə qarşılıqlı dəstək, həmrəylik göstərəcəyik və əlaqələrimizi daha da genişləndirəcəyik.
Qonaqlar Azərbaycan Ağsaqqallar Şurasında yaradılan şəraitlə yaxından tanış olublar.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.