Xəbərlər

Hövsan qəsəbəsində Suraxanı Rayon Ağsaqqallar Şurasının iclası keçirilib

11 aprel 2026-cı il tarixində Suraxanı rayonunun Hövsan qəsəbəsində Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib.

İclasda Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, sədr müavinləri – rayonun fəxri sakini Hicran Şərifov, şəhid atası Əli Qasımlı və başqaları çıxış edərək ölkəmizin inkişafı, gənclərin mənəvi sağlamlığı və ağsaqqallıq institutunun cəmiyyətdəki rolu ilə bağlı məsələlər barədə müzakirələr aparıblar. Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqı olaraq keçdiyimiz tarixi yol nə qədər çətin və sınaqlarla dolu olsa da, bu gün dövlətimiz öz inkişafının ən yüksək mərhələsini yaşayır. Müasir dövrdə əsas hədəf əldə olunmuş uğurları möhkəmləndirmək və Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu ən yüksək zirvələrdə saxlamaqdır. Hər bir vətəndaşın, xüsusilə cəmiyyətin yol göstərən qüvvəsi olan ağsaqqalların üzərinə düşən əsas məsuliyyət bu inkişaf naminə fərdi və ictimai müstəvidə fəallıq göstərməkdir.

Müzakirə olunan mühüm və həssas mövzulardan biri də cəmiyyətin gələcəyini təhdid edən narkomaniya və digər zərərli meyillərə qarşı qətiyyətli mübarizə məsələsi olmuşdur. Qeyd edilmişdir ki, qlobal dünyanın gətirdiyi bəzi mənfi təsirlər gənclərin sağlam vətəndaş kimi formalaşmasına ciddi maneələr yaradır. Bu istiqamətdə təkcə dövlət qurumlarının deyil, həm də ictimaiyyətin, xüsusilə ailə institutunun üzərinə böyük yük düşür. Belə ki, profilaktik tədbirlərin gücləndirilməsi və gənclər arasında sağlam həyat tərzinin təbliği təxirəsalınmaz bir vəzifə kimi davamlı olaraq həyata keçirilməlidir.

Natiqlər xüsusi olaraq qeyd ediblər ki, hər bir cəmiyyətdə, sosial mühitdə “ağsaqqal” sözü mənəvi təmizlik meyarıdır. Ağsaqqalın müdrik məsləhəti gənclər üçün yalnız bir tövsiyə deyil, bu nəsihətlər həm də onları yanlış yollardan çəkindirən və milli-mənəvi köklərimizə bağlayan sarsılmaz bir “sipər” rolunu oynamalıdır. Böyük və kiçiklərlə rəftarın, qarşılıqlı hörmətin və ailə dəyərlərinin qorunması məhz bu institutun aktiv fəaliyyəti ilə birbaşa bağlıdır.

İclasda, həmçinin, hər bir ağsaqqalın öz çevrəsində nümunə olmasının vacibliyi qeyd edilib. Bildirilib ki, biz təkcə iclas zallarında deyil, gündəlik həyatımızda da gənclərlə ünsiyyətdə olmalı, onlara milli qürur hissini və vətənpərvərlik ruhunu aşılamalıyıq. Hər bir ağsaqqalın fəaliyyəti dövlətimizin mənəvi sütunlarının daha da möhkəmlənməsinə xidmət edən bir təbliğat vasitəsidir.

Sonda Suraxanı Rayon Ağsaqqallar Şurasının fəaliyyət effektivliyini artırmaq məqsədilə daxili nizam-intizam qaydalarına dair mühüm qərarlar qəbul edilib. Belə ki, şuranın tədbirlərində və ictimai layihələrdə mütəmadi iştirak etməyən, üzvlük statusunun tələblərini yerinə yetirməyən şəxslərin üzvlükdən kənarlaşdırılması məsələsi qaldırılıb. Qurumun dinamik fəallığını və iş prinsipini təmin etmək məqsədi daşıyan bu addımla yanaşı, eyni zamanda şura sıralarının yenilənməsi və fəal şəxslərin cəlb olunması üçün müvafiq prosedurlar da müəyyən edilib. Təşkilata daxil olmaq üçün rəsmi ərizə ilə müraciət edən və tələb olunan meyarlara cavab verən ağsaqqalların müraciətlərinə baxılaraq, onların üzvlüyə qəbulunu təmin etmək qərarına gəlinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.