2009-cu ilin oktyabr ayında yaradılmış “İçərişəhər” Ağsaqqallar Şurası bundan sonra fəaliyyətini Azərbaycan Ağsaqqalar Şurasının nəzdində davam etdirəcək.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) keçirilmiş görüşdə qərar qəbul edilib. Görüşdə Azərbaycan Ağsaqqalar Şurasının sədri, professor Eldar Quliyev, “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, “İçərişəhər” DTMQİ-nin Aparat rəhbəri İntiqam Babayev, o cümlədən hər iki təşkilatın digər rəsmi şəxsləri və “İçərişəhər” Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Şahin Seyidzadə Eldar Quliyevi və görüş iştirakçılarını salamlayaraq, onlara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında məlumat verib. Vurğulayıb ki, qədim Bakının tarixi-memarlıq abidəsi olan İçərişəhər hər zaman Ümummilli Lider Heydər Əliyevin mədəni sahədəki fəaliyyətində xüsusi yer tutub. Ulu Öndərin tarixi nöqteyi-nəzərdən bu uzaqgörən siyasətinin uğurlu davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə İçərişəhərin qorunması məqsədilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılıb. Hazırda İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanması üçün idarə öz fəaliyyətini davam etdirir.
Azərbaycan Ağsaqqalar Şurasının sədri, professor Eldar Quliyev də öz çıxışında İçərişəhərin gözəlliyi, tarixi dəyəri və turizm əhəmiyyəti barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Qeyd edib ki, İçərişəhər Azərbaycanın döyünən ürəyidir və biz hamımız onu qorumalıyıq. Natiq, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızda gedən yüksək səviyyəli bərpa quruculuq işlərindən, o cümlədən ölkəmizin inkişafından ətraflı bəhs edib. Sədrlik etdiyi Azərbaycan Ağsaqqalar Şurasının fəaliyyəti haqqında məlumat verən Eldar Quliyev vurğulayıb ki, ölkəmizin 77 şəhər və rayonunda yerli təşkilatları olan Şuranın 35 mindən çox üzvü vardır. Hazırda yerli təşkilatlarda görülən işlərlə bağlı hesabat konfransları keçirilir, nəticələr, çatışmazlıqlar və gələcək planlar müzakirə edilir. Eldar müəllim, həmçinin, bu gün cəmiyyətimizdə mövcud olan və gündən-günə çoxalan boşanmaların, erkən nikahların, narkomaniyanın qarşısının alınmasına və digər problemlərin həllinə diqqəti yönəldərək vurğulayıb ki, ağsaqqallar bu işlərdə daha fəal olmalıdırlar.
Görüşdə bir sıra digər aktual məsələlər də müzakirə olunub. Habelə qərara alınıb ki, “İçərişəhər” Ağsaqqallar Şurası bundan sonra fəaliyyətini Azərbaycan Ağsaqqalar Şurasının nəzdində davam etdirsin. Nəzərinizə çatdırmaq istərdik ki, “İçərişəhər” Ağsaqqallar Şurası Qoruğun sakinlərinin ictimai rəyini nəzərə almaq və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədi ilə yaradılmış və ictimai əsaslarla fəaliyyət göstərən kollegial və məşvərətçi orqandır.
Sonra “İçərişəhər” Ağsaqqallar Şurası ilə bağlı təşkilati məsələlərə də baxılıb. Azərbaycan Texniki Universitetinin baş müəllimi Əliyehdər Dadaşov Şuranın sədri seçilib və 7 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb.
Sonda “İçərişəhər” Ağsaqqallar Şurasının işində aktiv iştirak edən üzvlərə – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərova, Şuranın keçmiş sədri Teymur İslamzadəyə, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Səadət Qəndilovaya və başqalarına səmərəli ictimai-mədəni fəaliyyətlərinə görə Azərbaycan Ağsaqqalar Şurasının Fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.