Son dövrdə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun rəhbərliyi ilə təşkilatın fəaliyyətində əsaslı dönüş əmələ gəlib və artıq Şuranın tərkibində 50-yə yaxın ərazi təşkilatı birləşmişdir. Hazırda Rayon Ağsaqqallar Şurasının sıralarında 1200 nəfərə yaxın ağsaqqal aktiv ictimai fəaliyyətlə məşğul olur və yaxın gələcəkdə onların sayı 3000-ə qədər çatdırılacaqdır. Böyük canlanmanın müşahidə olunduğu İmişli Rayon Ağsaqqallar Şurasının tədbirləri də intensiv və davamlı xarakter daşımağa başlamışdır. Növbəti belə tədbir rayonun Məzrəli kəndinin ağsaqqalları ilə keçirilmişdir.
Tədbirdə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədr müavini Səlim Məhərrəmov, İdarə Heyətinin üzvü Famil İmanov, təşkilatın Aparat rəhbəri Ramiz Əliyev, eləcə də sədrin köməkçiləri – Adil Kərimov, Murad Seyidov və Məzrəli kənd ağsaqqalları iştirak ediblər.
İclasın gündəliyindəki əsas məsələ İmişli Rayon Ağsaqqallar Şurasının son dövrdə həyata keçirdiyi tədbirlər barədə hesabat və İmişli rayonunun Məzrəli kəndində yerli kənd Ağsaqqallar Şurasının təsis edilməsi idi.
Gündəlikdəki məsələ barədə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov məlumat verib. O, ilk olaraq çıxışında Məzrəli kənd ağsaqqallarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından yerli kənd ərazi təşkilatının yaranması və yeni ictimai-siyasi fəaliyyətə başlamaları münasibətilə təbrik edib, onlara cansağlığı və uğurlar arzulayıb. Şuranın sədri qeyd edib ki, təşkilat öz fəaliyyətini gündən-günə genişləndirir və gücləndirir. Artıq Şuranın sıralarında 1200 nəfərə yaxın ağsaqqal aktiv ictimai fəaliyyətlə məşğul olur və tezliklə onların sayı 3000-ə qədər çatdırılacaqdır. Bu Şuranın apardığı yüksək təşkilatçılıq və səmərəli fəaliyyətin nəticəsidir. Ağsaqqallarımız adət-ənənələrimizin qorunub saxlanması və müasir dövrə uyğun inkişaf etdirilməsi, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bundan sonra da fəaliyyətlərini uğurla davam etdirəcəklər.
Sonra Məzrəli kəndində Şuranın yeni ərazi təşkilatının təsis edilməsi məqsədilə səsvermə keçirilib, 13 nəfər idarə heyətinin üzvü, sədr və müavinləri seçilib. Bununla da Məzrəli kənd yerli Ağsaqqallar Şurası təsis edilib.
İclasda çıxış edən digər natiqlər də yeni yaranan Məzrəli kənd ərazi təşkilatının üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbir yekunlaşdıqdan sonra Məzrəli kənd ağsaqqallarının xahişi və təklifi ilə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və onunla tədbirdə iştirak edən nümayəndələr yerli kənd ərazi təşkilatı üçün nəzərdə tutulan iqamətgah-otağın və binanın qarşısında ucaldılmış “ANA” heykəlinin vəziyyəti ilə tanış olublar. Şuranın sədri həm otağın, həm də heykəlin abadlaşdırılması və təmiri üçün lazımı tikinti-təmir işlərinin aparılacağını bildirib.




