Görüşdə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, Aparat rəhbəri Murad Seyidov, sədrin köməkçisi Adil Kərimov, İdarə Heyətinin üzvü Famil İmanov, eləcə də Gigiyena və epidemiologiya mərkəzinin ağsaqqalları iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda əbədiyyətə qovuşan şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Murad Seyidov tədbir iştirakçılarına Rayon Ağsaqqallar Şurasının məqsədi, vəzifələri və Əsasnaməsi haqqında məlumat verib. Vurğulayıb ki, son zamanlaradək sadəcə 177 üzvü olan İmişli Rayon Ağsaqqallar Şurası hazırda böyük inkişaf dövrü keçir. Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasına rəhbərlik etdiyi cari ilin aprel ayından bu vaxta kimi üzvlərin sayı 1.700 nəfəri keçib və fəaliyyət sahəsi xeyli genişlənib. Hazırda artım və inkişaf tendensiyası yüksək səviyyədə davam edir ki, bu da Rayon Ağsaqqallar Şurasının aktiv fəaliyyətinin bariz göstəricisidir.
Sonra təşkilati məsələlər müzakirə olunub. İmişli Rayon Ağsaqqallar Şurasının nəzdində Gigiyena və epidemiologiya mərkəzinin Ağsaqqallar təşkilatının təsis edilməsi qərara alınıb. Açıq səsvermə yolu ilə Mərkəzin Ağsaqqallar təşkilatına 7 nəfər İdarə Heyəti üzvü seçilib. Bu İdarə Heyəti üzvləri sırasından Məhəmməd Aslanov təşkilatın sədri, onun təqdimatı ilə Abbas Qasımov və Elşən Dəmirov isə sədr müavinləri seçiliblər.
Daha sonra sədrin köməkçisi Adil Kərimov çıxış edərək yenicə uğurla başa çatan COP29 haqqında maraqlı məlumatlar verib. O, 200-ə yaxın dövlət rəhbərinin Azərbaycana verdiyi yüksək qiymətlə yanaşı, bəzi ölkələrin ikiüzlü siyasətinə də münasibət bildirib. Vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti antiazərbaycan qüvvələrin iyrənc niyyətlərini iflasa uğratdı.
Görüşdə Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Famil İmanov da, öz növbəsində, ağsaqqalların ölkəmizdəki yüksək nüfuzu haqqında danışıb və onların üzərinə çox böyük məsuliyyət düşdüyünü xüsusi vurğulayıb.
Sonra çıxış edən yeni seçilmiş sədr Məhəmməd Aslanov ona və digər ağsaqqallara göstərilən etimada görə öz minnətdarlığını bildirib və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini qeyd edib.
Sonda İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu və xalqı dəmir yumruq ətrafında sıx birləşərək dünyanı heyrətə salan, analoqu olmayan qəhrəmanlıqlar göstərdi, 30 illik işğala 44 günlük Vətən müharibəsində son qoydu və Zəfər çaldı. Bu möhtəşəm Qələbənin qazanılmasında ağsaqqalların rolu da danılmazdır. “Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablama Komissiyasının sədri, professor Eldar Quliyevin yaxından dəstəyi ilə İmişli Rayon Ağsaqqallar Şurası olaraq biz də öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə borcluyuq. Çünki əsl ağsaqqal hər kəsə nümunə olmalıdır. Ağsaqqallara ən yüksək qiyməti isə Ümummilli Liderimiz Heydər Əliyev vermişdir: “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur”. Bundan yüksək qiymət ola bilməz” – deyə sədr vurğulayıb.
Daha sonra Saleh Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının nəzdində təsis olunan Gigiyena və epidemiologiya mərkəzinin Ağsaqqallar təşkilatının yeni seçilmiş üzvlərini və rəhbər heyətini təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.