16 yanvar 2025-ci il tarixində İmişli Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. İclasda İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, aparat rəhbəri Murad Seyidov, sədrin köməkçisi Adil Kərimov, Rayon Ağsaqqallar Şurasının təsis etdiyi “Xalq sözü” qəzetinin baş redaktoru Nizami Aslanoğlu və ərazi təşkilatlarının sədrləri iştirak ediblər.
Əvvəlcə iclasda Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin, həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən bütün şəhidlərimizin və son dövrlərdə dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda çıxış edən Şura sədri Saleh Səmədov 15 yanvar 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Ağsaqqallar Şurasının Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüş barədə ətraflı məlumat verib. O qeyd edib ki, görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, millət vəkili, akademik Əhliman Əmiraslanov, AMEA-nın prezidenti, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik İsa Həbibbəyli, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, həmçinin Şuranın İdarə Heyətinin üzvləri millət vəkili, professor Aqiyə Naxçıvanlı, professor İbrahim Quliyev və Akif Rəfiyev, Aparat rəhbəri Ramin Həsənli, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının rayon təşkilatlarının sədrləri – Saleh Səmədov, Arif Hümbətov, Mürvət Əsgərov, Baba Bayramlı, Ramin Məmmədov və İcmanın rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə çıxış edənlər tərəfindən Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına dönüşünün qaçılmaz olmasının aktuallığı bir daha vurğulanıb. Qürur hissi ilə qeyd etmək yerinə düşər ki, görüşdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının rəhbər heyəti İmişli Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Rayon Ağsaqqallar Şurasının gördüyü işlərə verilən yüksək qiymət məsuliyyətimizi daha da artırır və eyni zamanda gələcək işlərimizə stimul verir.
Sonra 20 Yanvar faciəsi haqqında məlumat verən natiq vurğulayıb ki, bu faciəyə hüquqi-siyasi qiymət məhz Ulu Öndər Heydər Əliyevin əzmkarlığı və cəsarəti sayəsində verilib. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 20 Yanvar faciəsi Azərbaycanda “Hüzn günü” elan olunub. Bu il o qanlı faciənin 35-ci ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmət və ehtiramla yad edəcək. Biz, İmişli Rayon Ağsaqqallar Şurasının üzvləri də həmin gün rayonda şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoymaqla qəhrəman şəhidlərimizin ruhuna öz dərin hörmət və ehtiramımızı bildirəcəyik.
Saleh Səmədov çıxışı zamanı bir daha xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Ağsaqqallar Şurasının üzvləri və şəxsən Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev İmişli Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib. Bütün bu nailiyyətlərimizə yüksək səviyyədə dəyər verən Eldar Quliyev İmişli Rayon Ağsaqqallar Şurasının dörd nəfər üzvünü mükafatlandırıb.
İmişli Rayon Ağsaqallar Şurasının fəaliyyətindəki xidmətlərinə, təşkilatın işinə verdikləri töhfələrə görə və yubileyləri münasibətilə Muğuzallı kənd ərazi təşkilatının sədri Mustafayev İlham Qaroğlan oğlu (65 yaş), İmişli Rayon Mərkəzi Xəstəxanasının ərazi təşkilatının sədri Əliyev Şahin Bəhmən oğlu (55 yaş), İmişli Rayon Ağsaqqallar Şurasının təsisçiliyi ilə nəşr olunan “Xalq sözü” qəzetinin baş redaktoru Nizami Aslanoğlu (55 yaş) Azərbaycan Ağsaqqallar Şurasının Fəxri fərmanları ilə təltif olunublar. İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü İmanov Famil Əli oğlu isə təşkilatın işində göstərdiyi dəyərli xidmətlərə görə və 70 illik yubileyi münasibətilə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.