İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun təşəbbüsü ilə təşkilat tərəfindən “Bilik Günü” münasibətilə tədbirlər planı hazırlanıb. Plana əsasən Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri və kənd şuralarının nümayəndələri rayon ərazisindəki orta məktəblərdə “Bilik günü” ilə əlaqədar keçirilən tədbirlərdə yaxından iştirak ediblər. Bu tədbirlər planı çərçivəsində İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov da Şuranın sədr müavini Rahim Zahidov, sədr köməkçisi Ramiz Əliyev, təhsil idarəsinin nümayəndəsi Vahid Tağıyev, məktəb direktoru Yusif Hüseynov və bir qrup valideynlə birlikdə 16 sentyabr 2024-cü il tarixdə şəhərin 1 saylı məktəb-liseyində keçirilən tədbirdə iştirak edib.
Tədbir iştirakçılarının qarşısında çıxış edən Saleh Səmədov yeni dərs ilinin başlanmasının məktəb müəllimlərinin, şagirdlərin və valideynlərin həyatında mühüm bir hadisə olduğunu vurğulayıb. Bildirib ki, 15 sentyabr tarixi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il Sərəncamından sonra “Bilik Günü” kimi qeyd edilməyə başlanılıb. Saleh Səmədov özünün də bu məktəbin yetirməsi olduğunu diqqətə çatdıraraq, ona dərs deyən müəllimləri ehtiramla xatırlayıb. O, həmçinin, qeyd edib ki, 15 senytabrın Azərbaycan tarixində əhəmiyyətli yeri vardır. Belə ki, 15 sentyabr 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam ordusu və Azərbaycan hərbi korpusu Bakı şəhərini erməni daşnaklardan və digər anti-azərbaycan ünsürlərdən azad edib.
Saleh Səmədov daha sonra öz çıxışında elm və təhsilin bu gün müstəqillik şəraitində yaşayan respublikamızın və xalqımızın həyatında çox mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, şagirdlərimiz bütün qüvvə və bacarıqlarını sərf edərək yaxşı təhsil almalı və savadlı kadrlar kimi yetişməlidirlər ki, onların sayəsində doğma respublikamızın nailiyyətləri gələcəkdə daha da artsın və ölkəmiz dünya dövlətləri arasında öz layiq olduğu yeri tutsun.
Çıxış edən digər natiqlər də təhsilin əhəmiyyətindən, onun həyatımızdakı aparıcı rolundan danışıblar. Qeyd ediblər ki, elmin, təhsilin keyfiyyəti nə qədər yüksək olarsa, ölkəmiz bir o qədər inkişaf etmiş olar. Sonra Şura üzvləri və təhsil nümayəndələri məktəbə ilk dəfə gələn şagirdlərin siniflərində olmuş, onlara dərslərində uğurlar arzulamışlar.
İmişli Rayon Ağsaqqallar Şurasının digər nümayəndələri də rayonun bir sıra məktəblərində olaraq yeni dərs ilinin başlanması münasibətilə təşkil edilən tədbirlərdə iştirak etmiş, müəllimlərə və şagirdlərə təhsildə müvəffəqiyyətlər arzulamışlar.