Xəbərlər

İmişli Rayon Ağsaqqallar Şurasının “Zəfər Günü”nə həsr olunmuş yarımillik hesabat konfransı keçirilib

Noyabr ayının 1-də İmişli Rayon Ağsaqqallar Şurasının “Zəfər Günü”nə həsr olunmuş yarımillik hesabat konfransı keçirilib.

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev, habelə ağsaqqallar, ziyalılar, gənclər, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevi və bütün toplantı iştirakçılarını salamlayaraq ölkəmizin dünya dövlətləri arasındakı nüfuzundan, iqtisadi, siyasi və hərbi qüdrətindən, xalqımızın mənfur erməni işğalçılarına qarşı 44 gün davam edən Vətən müharibəsindən və düşmən üzərində qazanılan möhtəşəm Qələbədən bəhs edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə torpaqlarımızı öz canları, qanları bahasına düşmən tapdağından azad edən şanlı Ordumuzun qəhrəmanlıqlarından söz açıb və vurğulayıb ki, İmişli Rayon Ağsaqqallar Şurasının yarımillik hesabat konfransı qarşıdan gələn, hamımızın ən dəyərli və müqəddəs bayram hesab etdiyimiz “Zəfər Günü”nə həsr olunub. Saleh Səmədov öz çıxışında Azərbaycanda hər zaman ağsaqqal sözünə, öyüd-nəsihətinə böyük hörmətin olduğunu qeyd edərək, İmişli rayonunda da ağsaqqalların yüksək nüfuz sahibi olduqlarını bildirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şuranın nəzərəçarpacaq inkişaf mərhələsi keçdiyini vurğulayaraq əlavə edib ki, İmişli Rayon Ağsaqqallar Şurası da xüsusilə son aylarda öz fəaliyyətini səmərəli və hərtərəfli şəkildə qurub. 2024-cü ilin may ayına qədər İmişli Rayon Ağsaqqallar Şurasının ümumilikdə 177 nəfər üzvü olduğunu xatırladan natiq bildirib ki, sonrakı dövr ərzində Şura rəhbərliyinin həyata keçirdiyi ardıcıl və səmərəli tədbirlər sayəsində rayonun kəndlərində, idarə və müəssisələrində 24 yeni ərazi təşkilatı yaradılıb ki, nəticədə onları sayı 49-a, Rayon Ağsaqqallar Şurası üzvlərinin sayı isə 1348 nəfərə çatıb və bu proses hazırda uğurla davam edir. Natiq ağsaqqallara göstərilən hörmət və qayğıdan danışarkən onlara ən yüksək qiymətin və dəyərin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini xüsusilə vurğulayaraq, Ümummilli Liderin “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” fikrini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bu nəcib ənənəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva davam etdirərək ağsaqqallara yüksək səviyyədə qayğı və diqqət göstərirlər. Çıxışının sonunda İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov konfransın işinə uğurlar arzulayıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və konfrans iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Gənclərimizin maarifləndirilməsində, xüsusilə dövlətə, xalqa sədaqət ruhunda və sağlam təməllər üzərində yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin davamlı inkişafı prosesində ağsaqqallarımızın, o cümlədən İmişli rayonunun ağsaqqallarının üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirəcəklərinə əmin olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.
Sonra İmişli Rayon Ağsaqqallar Şurasının son 6 ay ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Məruzədə hesabat dövrü ərzində Şuranın gördüyü işlərdən ətrafli bəhs edilib. Vurğulanıb ki, Saleh Səmədovun sədr seçildiyi axırıncı konfransdan keçən 6 ay ərzində İmişli Rayon Ağsaqqallar Şurası təşkilatlanma, quruculuq, maarifləndirmə və bir sıra digər sahələrdə yüksək fəallıq nümayiş etdirərək diqqətəlayiq, əlamətdar nəticələrə nail olub, ərazi təşkilatlarının və üzvlərinin sayı həm kəmiyyət, həm də keyfiyyət baxımından dəfələrlə artırılıb. Milli Azərbaycançılıq məfkurəsi ilə silahlanmış İmişli Rayon Ağsaqqallar Şurasının üzvləri rayonun ictimai-mədəni həyatında əhəmiyyətli rol oynayaraq əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənc nəslin Vətənə, dövlətə sadiqlik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara maddi və mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər. Hesabat məruzəsində, həmçinin, rayon ağsaqqalarının bütün ictimai-siyasi, mədəni-kütləvi tədbirlərdə yaxından iştirakından, eləcə də Azərbaycan Respublikasının Milli Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilən növbədənkənar seçkilərdə yüksək fəallıq nümayiş etdirmələrindən, gənclərlə vətənpərvərlik tərbiyəsi, elm və təhsilin inkişafı mövzularında keçirilən tədbirlərdən, rayonun ərazisində yaşayan digər millətlərin nümayəndələri ilə sıx əlaqələrin saxlanılmasından, aztəminatlı ailələrə göstərilən yardımlardan və görülən bir çox digər işlərdən ətraflı söz açılıb. Vurğulanıb ki, İmişli Rayon Ağsaqqallar Şurası aktiv fəaliyyətini gələcəkdə də uğurla davam etdirəcək, rayon ağsaqqalları qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bilik və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, növbəti dəfə İmişlidə – bu gözəl diyarda ağsaqqallarla görüşməyindən çox məmnun olduğunu bildirib və hər kəsi qarşıdan gələn “Zəfər Günü” münasibətilə təbrik edib. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı Qələbədən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun, unudulmaz şəhidlərimizin və igid qazilərimizin bizə bəxş etdiyi Zəfər sevincindən söz açıb. “Zəfər Günü”nü Azərbaycan əsgərinin ürəklərdə ucaldılmış əsl qəhrəmanlıq, şücaət və fədakarlıq abidəsi adlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmizin dayanıqlı və davamlı iqtisadi inkişafa nail olduğunu vurğulayan natiq dünyada durmadan nüfuzu artan Vətənimizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini, yüksək hədəflərə doğru inamla irəliləyərək bütün sahələrdə böyük uğurlara imza atdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Vahid Novruzov İmişli Rayon Ağsaqqallar Şurasının yarımillik fəaliyyətini yüksək dəyərləndirərək təşkilat üzvlərinə görülən işlərə görə öz minnətdarlığını ifadə edib. O, həmçinin, dövlət başçısının proqram xarakterli məruzələrində toxunduğu vacib məqamlara da diqqət çəkərək Azərbaycan ağsaqqalları üçün önəmli olan məsələlərin üzərində dayanıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ Universitetinin açılışında söylədiyi “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir” dəyərli fikirləri bizi daha da aktiv olmağa çağırır. Möhtərəm Prezidentimizin təbirincə desək, elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Gənclərlə aparılan bu maarifləndirmə işlərində ağsaqqalların rolu danılmazdır və biz hamımız gələcəyimiz üçün çox önəmli olan bu prosesdə yaxından iştirak etməliyik. Natiq, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə təşkilatın gördüyü əhəmiyyətli işlərdən bəhs edərək vurğulayıb ki, Şura hər zaman olduğu kimi, bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edəcək, Vətənimizin tərəqqisi naminə daha böyük səylər göstərəcəkdir. Sıralarında respublikamızın müdrik ağsaqqallarını, o cümlədən dəyərli ziyalılarımızı, elm, mədəniyyət və incəsənət, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası, onun rayon və şəhər təşkilatları möhtərəm Prezidentimizin siyasətini dəstəkləməklə, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr vermək əzmindədir. Xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maarifləndirilməsində ağsaqqaların üzərinə böyük vəzifələr düşür. Çıxışının sonunda Vahid Novruzov İmişli Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə bir daha yüksək qiymət verərək, təşkilatın bundan sonra da öz vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib və ağsaqqalların hər birinə möhkəm cansağlığı, uzun ömür arzulayıb.
Konfransda çıxış edən Bəhrəmtəpə qəsəbə ərazi təşkilatının sədri, şəhid atası Yaqub Hüseynov və digər natiqlər Saleh Səmədovun sədrliyi ilə Şuranın fəaliyyətindəki ciddi canlanmanı xüsusi vurğulayaraq, görülən işləri təqdirəlayiq hesab ediblər. Hər zaman öz fəaliyyətləri ilə xalqın Prezidentinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduqlarını və onun həm xarici, həm də daxili siyasətini müdafiə etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Əmin olduqlarını bildiriblər ki, İmişli rayonunun ağsaqqalları bundan sonra da aktiv fəaliyyətləri ilə Azərbaycan dövlətinin və cəmiyyətinin ikişafına xidmət göstərəcəklər.
Sonra təşkilati məsələlər müzakirə olunub. Açıq səsvermə yolu ilə İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti yenidən formalaşdırılıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılan konfransın Qərar layihəsi yekdilliklə qəbul olunub.
Bununla da konfrans öz işini başa çatdırıb.
Konfransdan sonra Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu, Aparat rəhbəri Ramin Həsənlini və digər qonaqları İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında görülən işlərlə və yaradılan şəraitlə tanış edib. Binanın qarşısında Saleh Səmədovun təşəbbüsü ilə əslən İmişlidən olan, dünyasını dəyişmiş, rayonun inkişafında müstəsna xidmətlər göstərən insanların foto portretlərindən ibarət “Dəyərlərimiz unudulmur!” başlıqlı lövhənin quraşdırılması böyük maraq və rəğbət hissi ilə qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.