Xəbərlər

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində Ağsaqqallar Şurasının tədbiri keçirilib

Tədbirdə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, Şuranın sədr müavini Səlim Məhərrəmov, Şuranın İdarə Heyətinin üzvü Mayıl Hacıyev, Şura sədrinin köməkçisi Ramiz Əliyev və Bəhrəmtəpə Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər. Yığıncaqda Bəhrəmtəpə qəsəbə Ağsaqqallar Şurasının İdarə Heyətinin yeni tərkibinin seçilməsi və qəsəbədə təşkil edilən yas məclislərinin yeni qaydaları müzakirə edilib. Çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov bildirib ki, son zamanlar Rayon Ağsaqqallar Şurasının keçirdiyi tədbirlər say və məzmunca daha da zənginləşir. Bu tədbirlərə maraq gündən-günə artır. Yaşı əllidən yuxarı olan insanlar Ağsaqqallar Şurasının üzvü olmaq üçün müraciət edərək sıralarımıza daxil olurlar. Hazırda rayonumuzun 400 nəfərə qədər ağsaqqalı Şuranın üzvlüyünə qəbul olunublar. Sıralarımızın kəmiyyət və keyfiyyət artımı davam etməkdədir. Bu bizim qarşımıza yeni tələblər qoyub. Yeni yerli şuraların yaradılması və ağsaqqallarımızın həmin şuraların tərkibində birləşməsi qarşımızda duran əsas məsələlərdən biridir. Saleh Səmədov, həmçinin, qəsəbədə keçirilən yas məclislərinin sadələşdirilməsi və bütün insanların məqbul hesab edəcəyi qaydalar barədə qısa məlumat verib. O, yas məclislərinin ağırlığını və xərclərin çoxluğunu nəzərə alaraq üç və yeddi mərasimlərinin birləşdirilməsini təklif edib.

Rayon Ağsaqqallar Şurasının nümayəndələri Səlim Məhərrəmov, Mayıl Hacıyev, Ramiz Əliyev, qəsəbə sakinlərindən Ağsaqqallar Şurasının üzvləri Mədət Tapdıqlı, Məhəmmədəli Zeynalov, Yaqub Hüseynov, Qafqaz Behbudov və digərləri Ağsaqqallar Şurasının cəmiyyətdəki rolundan və üzərinə düşən öhdəliklərdən, o cümlədən həyata keçirəcəyi işlərdən danışıblar. Qeyd ediblər ki, Rayon Ağsaqqallar Şurası yaşlı nəslin nümayəndələrinin daha da yaxınlaşmasına və bir kollektivdə birləşməsinə yardım etməli, cəmiyyətdəki ictimai-siyasi proseslərə öz təsirini daha intensiv səkildə göstərməlidir. Çıxış edənlər Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun yas məclislərinin sadələşdirilməsi, hər bir ailənin gücü çatacaq mərasimə çevrilməsi sahəsindəki təşəbbüsünü də müdafiə ediblər.
Sonra Bəhrəmtəpə qəsəbə Ağsaqqallar Şurasının üzvləri səsvermə yolu ilə yeni İdarə Heyətini və sədri seçiblər. Hüseynov Yaqub Xanış oğlu Bəhrəmtəpə qəsəbə Ağsaqqallar Şurasının yeni sədri seçilib. Yaqub Hüseynov ona göstərilən etmada görə hər kəsə təşəkkürünü bildirib və təşkilatın işinin daha da yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. Yığıncaqda, həmçinin, yas məclislərinin sadələşdirilməsi ilə bağlı təşəbbüsün qəsəbə sakinləri arasında təbliğ edilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.