Xəbərlər

İsmayıllı Rayon Ağsaqqallar Şurasının seçki konfransı keçirilib

İyun ayının 2-də İsmayıllı Rayon Ağsaqqallar Şurasının seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və şöbə müdiri Elşad Quliyev, eləcə də rayon ağsaqqalları, ziyalıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov giriş nitqi ilə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və tədbir iştirakçılarını salamlayaraq, respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli-mənəvi dəyərlərimizə söykənərək keçdiyi tərəqqi yolundan və bu prosesdə ağsaqqalların mühüm rolundan hərtərəfli bəhs edib. İsmayıllı rayon əhalisinin hər zaman dövlətçiliyin keşiyində durduqlarını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi qətiyyətlə dəstəklədiklərini bildirib. Nahid Bağırov ağsaqqalların daim ictimai-siyasi proseslərdə, eləcə də rayonun sosial-mədəni həyatında yaxından iştirak etdiklərini bir daha qeyd edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb. İsmayıllıda növbəti dəfə ağsaqqallarla görüşdən məmnun olduğunu bildirib. Vurğulayıb ki, rayonun ağsaqqalları hər zaman dövlətə, dövlətçiliyə sədaqətləri və aktiv fəaliyyətləri ilə seçiliblər. Sonra natiq öz çıxışında müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi inkişafında əvəzsiz rolundan geniş söz açıb. Qeyd edib ki, bugünkü qüdrətli və qalib Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Eldar İbrahimov hazırda Ulu Öndərin uğurlu siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam barpa etməsindən, Qarabağda və Şərqi Zəngəzurda gedən geniş quruculuq işlərindən, Böyük Qayıdışdan, eləcə də ötən dövr ərzində Azərbaycanın bütün sahələrdə davamlı nailiyyətlərə imza ataraq dünyada ən nüfuzlu və güclü ölkələr sırasına yüksəlməsindən ətraflı bəhs edib. Bildirib ki, bu gün xalqımızın, o cümlədən ağsaqqalların dövlət başçısı cənab İlham Əliyevə olan etimadı və sevgisi sonsuzdur. Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının aktiv fəaliyyətindən söz açan natiq qeyd edib ki, İsmayıllı rayonunda bundan sonra da ağsaqqallar daim dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıdırlar. Ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün də bir çox işlər və maarifləndirici söhbətlər, tədbirlər həyata keçirilməlidir.

Sonra konfransda təşkilati məsələlər müzakirə olunub. İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehovun səhhətindəki problemlər səbəbindən təşkilatın sədri kimi fəaliyyətinə xitam verməsi ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə ərizə ilə müraciət etdiyi üçün həmin vəzifəyə rayonun nüfuzlu ağsaqqalı Balakişi Xudiyevin namizədliyi irəli sürülüb. Vurğulanıb ki, dəyərli ziyalı, müdrik ağsaqqal Balakişi Xudiyev yüksək pedaqoji fəaliyyəti və əhali arasında böyük nüfuzu ilə bu vəzifəyə ən layiqli namizəddir. Sonra açıq səsvermə yolu ilə Balakişi Xudiyev İsmayıllı Rayon Ağsaqqallar Şurasına sədr seçilib.

Daha sonra Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə və Təftiş Komissiyasına sıralarında rayonun nüfuzlu ağsaqqallarının, ziyalılarının olduğu şəxslərin namizədliyi irəli sürülüb. Açıq səsvermə yolu ilə İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Konfransda bir daha çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov təşkilata Balakişi Xudiyev kimi nüfuzlu ziyalının sədr seçilməsini müsbət dəyərləndiriblər. Balakişi Xudiyevə, eləcə də yeni seçilən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq əmin olduqlarını vurğulayıblar ki, ağsaqqallar həyata keçirdikləri işləri bundan sonra da yüksək səviyyədə davam etdirəcəklər.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanov da konfransda çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Zəfərdən, ölkəmizin keçdiyi davamlı inkişaf yolundan, beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsindən və digər uğurlardan bəhs edib. Natiq, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının son illərdəki geniş və aktiv fəaliyyətini xüsusi vurğulayıb. Ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışıb. İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini və heyətini təbrik edərək, onlara möhkəm cansağlığı və gələcək işlərində nailiyyətlər arzulayıb.

Konfransın sonunda İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Balakişi Xudiyev çıxış edərək öz adından və yeni seçilən üzvlər adından onlara göstərilən etimada görə hər kəsə öz minnətdarlığını ifadə edib. Təşkilatın fəaliyyətini bundan sonra da uğurla davam etdirməsi üçün bilik və təcrübələrini əsirgəməyəcəklərini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.