Xəbərlər

KAMRAN İMANOV – 80

Hörmətli Kamran müəllim!

Sizi – Azərbaycanın davamlı inkişafı naminə bilik və bacarığını əsirgəməyən görkəmli alimi, vətənpərvər ziyalını və müdrik ağsaqqalı 80 İllik Yubileyiniz və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizdə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinizə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinizə görə “Şərəf” ordeni ilə təltif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Mənalı ömür yolunuz, zəngin elmi və ictimai fəaliyyətiniz, yüksək ziyalılıq keyfiyyətlərinizlə seçilən dəyərli bir şəxsiyyət kimi Siz cəmiyyətimizdə dərin hörmət və nüfuz qazanmısınız. İllər boyu elmə, təhsilə, milli-mənəvi dəyərlərimizin qorunmasına və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən fəaliyyətiniz əsl ziyalı mövqeyinin, vətəndaş məsuliyyətinin və Vətənə sədaqətin parlaq nümunəsidir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri kimi həyata keçirdiyiniz məqsədyönlü fəaliyyət, ölkəmizdə əqli mülkiyyət sisteminin inkişafı, müəllif hüquqlarının və əlaqəli hüquqların qorunması, innovasiyaların təşviqi, milli mədəni irsimizin və ənənəvi biliklərimizin mühafizəsi istiqamətində gördüyünüz işlər yüksək təqdirəlayiqdir. Bu mühüm sahənin inkişafına verdiyiniz töhfələr, beynəlxalq miqyasda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi naminə göstərdiyiniz səylər dövlətçilik maraqlarına və milli dəyərlərimizə sədaqətli xidmətin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin ideyalarına daim sadiq olan bir şəxs kimi Siz bu gün də Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətini qətiyyətlə dəstəkləyir, ölkəmizin inkişafında əhəmiyyətli rol oynayaraq xalqımıza böyük xidmətlər göstərirsiniz.

Görkəmli alim kimi elmi yaradıcılığınız, fundamental araşdırmalarınız, zəngin bilik və təcrübəniz də xüsusi qeyd olunmalıdır. Elmi düşüncənin zənginləşməsinə, intellektual potensialımızın gücləndirilməsinə, gənc tədqiqatçıların yetişməsinə yönəlmiş fəaliyyətiniz gələcək nəsillər üçün dəyərli örnəkdir.

Sizi fərqləndirən mühüm xüsusiyyətlərdən biri də müdrik ağsaqqal mövqeyiniz, həyat təcrübəniz, təmkinli davranışınız və dəyərli məsləhətlərinizlə insanlara yol göstərmək bacarığınızdır. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi Şuranın fəaliyyətində iştirakınız, müdrik fikirləriniz, dərin təcrübəniz və zəngin həyat yolunuz ümumi işimizə xüsusi dəyər qatır. İctimai həyatımızda ağsaqqallıq ənənələrinin yaşadılması, milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsi istiqamətində nümayiş etdirdiyiniz mövqe böyük əhəmiyyət daşıyır. Əminliklə söyləmək olar ki, Sizin zəngin həyat təcrübəniz, elmi-pedaqoji fəaliyyətiniz, yüksək insani keyfiyyətləriniz və müdrik ağsaqqal nüfuzunuz gənc alimlər, ziyalılar və bütövlükdə cəmiyyətimiz üçün əsl nümunədir.

Dövlətimiz tərəfindən səmərəli və dəyərli xidmətlərinizə görə bir çox təltiflərə – 1-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Şöhrət” və “Şərəf” ordenlərinə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medallarına və bir sıra digər ali mükafatlara layiq görülməyiniz Azərbaycanın inkişafına və rifahına verdiyiniz töhfənin yüksək dəyərləndirilməsidir.

Hörmətli Kamran müəllim!

Sizi bir daha əlamətdar Yubileyiniz və ali dövlət təltifinə layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edir, xalqımızın və dövlətimizin tərəqqisi naminə çoxillik səmərəli fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayır, uca Allahdan Sizə möhkəm cansağlığı, könül rahatlığı, ailə səadəti, doğmalarınızın əhatəsində xoş günlər və uzun ömür diləyirik!

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 

üzvləri adından Şuranın sədri, 

millət vəkili, professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.