İyun ayının 29-da Kürdəmir Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Vahid Novruzov, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədri Ayyət Nəsirov, eləcə də ağsaqqallar, ziyalılar və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan bəhs edib. Qeyd edib ki, Kürdəmir rayonunun ağsaqqalları Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyərək, gənclərin Vətənə, dövlətə və xalqa bağlılğı istiqamətində üzərlərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirirlər. Çıxışının sonunda natiq konfransın işinə uğurlar arzulayıb.
Sonra Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədri Ayyət Nəsirovun təşkilatın son dövrdəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib. Məruzədə deyilib ki, Rayon Ağsaqqallar Şurası hesabat dövründə fəaliyyətini Nizamnamə, Əsasnamə və İş planına uyğun şəkildə quraraq dövlətimizin uğurlu siyasətini əhali arasında təbliğ edib, milli-mənəvi dəyərlərin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və digər vacib məsələlərə xüsusi diqqət yetirib. Məruzədə, həmçinin, hesabat dövründə keçirilmiş yığıncaqlardan, şəhid ailələri və qazilər, eləcə də gənclərlə təşkil olunan görüşlərdən bəhs edilib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Vahid Novruzov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dinamik inkişaf prosesindən ətraflı söz açıb, işğaldan azad olunmuş torpaqlarımızda gedən genişmiqyaslı abadlıq-quruculuq işlərindən bəhs edib. Ağsaqqalların ölkəmizin hər bir regionunda böyük nüfuz sahibləri olmasından danışan Vahid Novruzov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin böyük qiymət verdiyi və “Milli-mənəvi dəyərlərimizin qızıl fondu” hesab etdiyi ağsaqqallara dövlət başçısı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yüksək qayğı və diqqətlə yanaşır, onların və ümumiyyətlə bütün ahıl insanların, şəhid ailələrinin, qazilərin hüquqlarının və ehtiyaclarının təmin edilməsi hər zaman prioritet məsələ olaraq öz həllini tapır. Rayon təşkilatının hesabatını qənaətbəxş hesab edən Vahid Novruzov ağsaqqallara gənclərlə bağlı fəaliyyətlərində daha da aktiv olmalarını tövsiyə edərək onlara möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzulayıb.
Konfransda çıxış edən digər natiqlər də ağsaqqallara, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar. Gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq, sağlam əsaslar üzərində tərbiyəsi işinin və onları daim dəstəkləməyə yönəlmiş ağsaqqalların fəaliyyətinin vacibliyini vurğulayıblar. Şura üzvü Abdüləziz Əzizovun tədbirdə səsləndirdiyi “Salam olsun” şeiri konfrans iştirakçıları tərəfindən alqışlarla qaşılanıb.
Daha sonra konfransda təşkilati məsələlər müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyasına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Ayyət Nəsirovun namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sədrin təqdimatı əsasında rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və digər natiqlər yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.












