Xəbərlər

Lənkəran Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

Mayın 23-də Lənkəran rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü ilə 28 May – Müstəqillik Gününə həsr edilmiş konfrans keçirilib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Elmira Süleymanova, Lənkəran Şəhər İcra Hakimiyyətini başçısı Taleh Qaraşov və digər konfrans iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu konfransı giriş sözü ilə Taleh Qaraşov açaraq bildirib ki, Lənkəran ağsaqqalları hər zaman ölkənin ictimai-siyasi həyatında və taleyüklü məsələlərin həllində dövlətin yanında olublar və milli maraqlar prizmasından çıxış ediblər. O qeyd edib ki, ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqliyi ilə seçilən Lənkəran ağsaqqalları bu gün də eyni sədaqətlə ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə rayon əhalisinin, xüsusilə də gənc nəslin dövlətə və dövlətçiliyə bağlılğı istiqamətində üzərlərinə düşən şərəfli vəzifəni vicdanla və məsuliyyətlə yerinə yetirirlər. 44 günlük Vətən müharibəsi zamanı rayon ağsaqqallarının vətənpərvərlik təbliğatını daha da genişləndirdiyini qeyd edən Taleh Qaraşov şəhid ailələrinə və qazilərə hər cür mənəvi və maddi dəstəyin göstərildiyini bildirib.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, müstəqillik xalqın sərvətidir, onu qorumaq hər bir vətəndaşın mənəvi borcudur. Ulu öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir” fikrini xatırladan Elmira Süleymanova 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun gücü və Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi sayəsində qazandığımız möhtəşəm Qələbədən danışıb. Azərbaycanda şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğının göstərildiyini qeyd edən Elmira Süleymanova bunun məhz cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi və xüsusi nəzarəti sayəsində həyata keçirildiyini vurğulayıb.
Son dövrlərdə Azərbaycanda Ağsaqqallar Şurasında hiss olunan canlanmadan bəhs edərək millət vəkili, professor Eldar Quliyevin başçılığı altında təşkilatın həyata keçirdiyi işlər barəsində tədbir iştirakçılarına məlumat verib. Bu fəallığın bir çox rayonlarda olduğu kimi Lənkəranda da nəzərə çarpdığını böyük məmnunluqla qeyd edən Elmira Süleymanova ağsaqqalların gələcəyimiz olan gəncərlə apardığı işlərin daha da artırılmasının vacibliyini vurğulayıb. Elmira Süleymanova, həmçinin, xüsusi olaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Daha sonra Lənkəran Rayon Ağsaqqallar Şurası sədrinin müavini Güloğlan Bağırov və digər natiqlər öz çıxışlarında ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı rolundan, gördükləri işlərdən bəhs edərək, gənclərin zərərli təsirlərdən uzaq sağlam əsaslar üzərində, dövlətə, xalqa sədaqət ruhunda tərbiyəsi işində onlara hər zaman böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışan ağsaqqallar qeyd ediblər ki, biz də yaşadığımız dövrü dəyərləndirməli, cəmiyyətə, xüsusilə də gənc nəslə örnək olmalı, daha xoşbəxt Azərbaycan naminə əlimizdən gələni əsirgəməməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.