Lerik Rayon Ağsaqqallar Şurası iclas keçirərək təşkilatın bir illik fəaliyyəti barədə hesabat verib.
Əvvəlcə tədbir iştirakçıları rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini və Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzüblər, əziz xatirələrini ehtiramla yad ediblər.
Yığıncaqda 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olmuş, eləcə də hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov görülən işlər barəsində hesabat verərək bildirib ki, ötən dövr ərzində Lerik Rayon Ağsaqqallar Şurası öz fəaliyyəti ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəkləyib, şəhid və qazi ailələrinə diqqət və qayğı göstərib. Rayonun sərt coğrafi şəraitindən asılı olmayaraq, şəhidlərimizin ad günlərində, anım günlərində, onların şərəfinə ucaldılmış abidə-bulaq komplekslərinin açılışında ağsaqqallar fəal iştirak edib, şəhid ailələrinə baş çəkərək onların ehtiyacları ilə maraqlanıb, problemlərlə bağlı əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıblar. Natiq qeyd edib ki, rayon ağsaqqalları sakinlərlə birlikdə ulu öndər Heydər Əliyevin doğum və anım günlərinə həsr edilmiş toplantılar keçirib və Ümummilli Liderlə bağlı xatirələrini bölüşüblər. Həmçinin rayon ağsaqqalları və əhalinin iştirakı ilə 20 Yanvar – Ümumxalq Hüzn günü və “Xocalı faciəsi”nin ildönümləri ilə əlaqədar tədbirlər hazırlanıb, kompozisiyalar nümayiş etdirilib.
Görülən işlərdən ətraflı bəhs edən Elxan Qənbərov onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın bərpası üzrə beynəlxalq və yerli əhmiyyətli lahiyələrin həyata keçirilməsində, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasında, separatçılığa qarşı mübarizədə ağsaqqallar da aktiv təbliğat yönümlü fəaliyyət göstəriblər.
Daha sonra sədr müavini Zakir Vəliyev, Lerik Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova və digər natiqlər öz çıxışlarında pandemiya şəraitində görülən bu işləri qənatbəxş sayaraq bildiriblər ki, Azərbaycanda ağsaqqallar hər zaman cəmiyyətin milli-mədəni tərbiyəsində mühüm rol oynayıblar. Bu səbəbdəndir ki, ulu öndər Heydər Əliyev ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edirdi.
Sonda Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov hesabat dövründə görülən işlərə görə ağsaqqallara təşəkkür edərək bildirib ki, bundan sonrakı fəaliyyətlərini də Əsasnaməyə və təsdiq edilmiş İş Planına uyğun quraraq rayonda Ağsaqqallar Şurasının mövqeyini və nüfuzunu daha da gücləndirəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.