Masallıda Rayon Ağsaqqallar Şurasının və Mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə COP29 Beynəlxalq Forum hərəkatı ilə bağlı “Təmiz dünya naminə” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov rəhbərlik etdiyi müəssisədə bir sıra qurumlarla birgə əməkdaşlıq şəraitində bir çox sahələrlə yanaşı, ekologiya mövzusuna həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. COP29 Beynəlxalq iqlim dəyişikliyi konfransına ev sahibliyinin Azərbaycana həvalə olunmasını ölkəmizin beynəlxalq aləmdəki yüksək nüfuzunun bariz göstəricisi olduğunu vurğulayıb.
Sonra Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı-publisist Ələşrəf Niftiyev çıxışında ekoloji tarazlığın qorunmasının bəşəriyyətin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşımasından, ekoloji böhranın aradan qaldırılması istiqamətində beynəxalq ictimaiyyətin səfərbər olmasının zəruriliyindən söhbət açıb. O, həmçinin, COP29 beynəlxalq konfransının Bakıda yüksək səviyyədə keçiriləcəyinə və bunun ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacağına əminliyini bildirib.
Tədbirdə çıxış edən digər natiqlər – Masallı MKTB-nin şöbə müdiri İslam Məmmədov, Əməkdar jurnalist Zakir Abbas, İntiqam Əsgərli adına şəhər 3 saylı orta məktəbin şagirdi Murad Quliyev, Rayon Ağsaqqallar Şurasının Ərkivan qəsəbəsi üzrə nümayəndəsi Mirəyyub Əliyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Oqtay Ağayev, ”Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev, Rayon Ağsaqqallar Şurasının Masallı şəhəri üzrə nümayəndəsi Eminağa Hüseynov COP29 beynəlxalq iqlim dəyişikliyi konfransının yaşıl dünya naminə həmrəylik və hazırda gərginlik yaşanan dünyamız üçün aktual olan sülh çağırışları baxımından xüsusi önəmindən, ölkəmizdə yaşıllaşdırma hərəkatı ilə bağlı həyata keçirilən tədbirlərdən, sadə insanların yaşıllaşdırma hərəkatında iştirak etməyə təşviq olunmaları məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıblar. Tədbir daha sonra qarşılıqlı müzakirə formasında davam etdirilib.