Xəbərlər

Masallı Rayon Ağsaqqallar Şurasının hesabatı dinlənilib

Masallı Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib. Masallı şəhərində yerləşən Ağsaqqallar klubundakı yığıncaqda Rayon Ağsaqqallar Şurasının sədri və şura üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra
Masallı Rayon Ağsaqqallar Şurasının sədri,  III dərəcəli «Vətənə xidmətə görə» ordenli Ələşrəf Niftiyevin Şuranın 2021-ci ildə aparılan işlərə və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilib. Ölkədə ağsaqqallara göstərilən qayğıdan, onların ölkənin ictimai-siyasi həyatındakı rolundan söz açan natiq deyib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi qərar və sərəncamlarının Masallıda da konkret nəticələrinin olması sevindiricidir. O, rayon ağsaqqallarının dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirakını, məktəb və digər müəssisələrdə görüşlərini, həmçinin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, multikulturalizm və tolerantlıq, milli-mənəvi dəyərlərimizin qorunmasında zidd hərəkətlərə qarşı mübarizədə öz xidmətlərini əsirgəmədiklərini bildirib, 44 günlük Vətən müharibəsindəki Qələbəmizin tarixi əhəmiyyətindən danışıb.

Sonra təşkilati məsələlər müzakirə olunub.

Çıxışlarda müstəqil dövlətimizin inkişaf edib möhkəmlənməsinə Masallı ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əminlik ifadə olunub, təkliflər səsləndirilib.

Şura üzvlərindən Əyyub Mehdiyev, Ədalət Nemətov, Məmmədəli Əlinağıyev, Meysaba Aslanova, Əlövsət Sadıqov, şəhid atası Rauf Həsənov, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov və başqaları Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən, xalqımızın bu qələbədən necə qürur duymasından söz açıblar. Natiqlər bildiriblər ki, Masallı ağsaqqalları ilk günlərdən şəhid ailələrinin yanlarında olublar, onlara hər cür mənəvi dəstək göstəriblər. Qeyd edilib ki, xalqımızın milli-mənəvi dəyərlərində ağsaqqal sözü, xeyir-duası həmişə üstün olub.

Tədbir zamanı Şura üzvü, veteran təhsil işçisi Ədalət Nemətov təşkilatın işində fəal iştirakına görə və 70 illik yubileyi münasibətilə Rayon Ağsaqqallar Şurasının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Fəxri fərmanları ilə təltif edilib.

İclası yekunlaşdıran Şura sədri Ələşrəf Niftiyev diqqətə çatdırıb ki, bundan sonra da fəaliyyətimizi daha da genişləndirəcək, işimizi qabaqcıl təcrübə səviyyəsində qurmağa çalışacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.