Xəbərlər

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin “Yaşayan xatirələr” kitabının təqdimatı keçirilib

Masallıda Rayon Ağsaqqallar Şurasının və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Şuranın sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, lll dərəcəli “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyevin “Yaşayan xatirələr” kitabının təqdimat mərasimi keçirilib.

Rayonun Mərkəzi Kitabxanasında baş tutan tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, ağsaqqallar, ziyalılar, mədəniyyət işçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kitabxananın direktor əvəzi Zamin Məmmədov öz çıxışında bildirib ki, rəhbərlik etdiyi müəssisədə ədəbi yaradıcılıqla məşğul olan şəxslər və ziyalılarla mütəmadi görüşlər, kitab təqdimatları keçirilir, diskussiya və müzakirələr aparılır. Artıq kitabxanada Ələşrəf Niftiyevlə bir neçə dəfə maraqlı görüşlərin keçirildiyini vurğulayan natiq onun dəyərli ziyalı və müdrik ağsaqqal kimi məsləhətlərindən hər zaman yararlandıqlarını qeyd edib. O, həmçinin, yazarın növbəti kitablarının da oxucular tərəfindən rəğbətlə qarşılanacağına əminliyini bildirib.
Əməkdar jurnalist, Masallı Rayon Ağsaqqallar Şurasının üzvü Zakir Abbas da kitabın müəllifi haqqında öz dəyərli fikirlərini bildirib. Çıxışında Ələşrəf Niftiyevin mənalı ömür yoluna nəzər salaraq onun tanınmış ictimai-siyasi xadim və yazar kimi mühüm xidmətlərindən, cəmiyyətdə böyük nüfuza malik olmasından bəhs edib. Yazarın ədəbi yaradıcılığında bütün zamanlarda aktual olan mövzulara geniş yer ayırmasını, əsərlərini bütün oxucu kateqoriyasının anlaya biləcəyi dildə qələmə almaq qabiliyyətini yüksək qiymətləndirib.
Sonra tədbir iştirakçılarından Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-yazar Xodaşirin Cəbili, jurnalist, yazıçı-publisist Akif Ağayev, şair Meysəba Aslanova, muzeyin direktoru Əntiqə Tağıyeva müəllifin ədəbi yaradıcılığının özəlliklərindən, dövlətçilik və cəmiyyət qarşısında göstərdiyi dəyərli xidmətlərindən, yüksək mənəvi və insani keyfiyyətlərindən söhbət açıblar, eləcə də gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyəsi yönümündə əsərlərinin əhəmiyyətindən danışıblar.
Respublikanın “Fəxri ağsaqqalı”, 80 yaşlı ədibin yüksək insani keyfiyyətlərini dilə gətirən natiqlər qeyd ediblər ki, onun “Yaşayan xatirlələr” adlı ikicildlik kitabında öz xidmətləri ilə Masallı tarixini zənginləşdirən görkəmli şəxsiyyətlər haqqında xatirələr yer alıb, əsərlərinin əsas leytmotivini haqqa, ədalətə, xeyirxahlığa çağırış, tərbiyəvi və təbliğat xarakterli mövzular təşkil edir. Tədbir iştirakçıları müəllifi təbrik edərək ona cansağlığı, gələcək yaradıcılığında uğurlar arzulayıblar.
Tədbirin təşkilinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlıq edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev kitabla bağlı ona ünvanlanan sualları cavablandırıb, əsərləri və gələcək yaradıcılıq planları barədə məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.