Xəbərlər

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin yeni kitabının təqdimatı olub

Masallı Şəhər Gənclər Mərkəzində Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı-publisist, “Qızıl qələm” və Həsən Bəy Zərdabi mükafatları laureatı Ələşrəf Niftiyevin “Şəxsiyyətin harmoniyası işığında” adlı kitabının təqdimatı olub.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Ulu Öndərin zəngin irsinin öyrənilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində, gənc nəslin maarifləndirilməsi işində Masallı Rayon Ağsaqqallar Şurasının əlaqədar təşkilatlarla birlikdə həyata keçirdiyi fəaliyyətlə bağlı maraqlı məqamlar və yanaşmalar bu kitabda öz əksini tapıb.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon Agsaqqallar Şurasının təşəbbüsü və Masallı Regional Dövlət Kollecinin təşkilatçılığı ilə keçirilən tədbiri kollecin direktoru, “Tərəqqi” medallı Vidadi Nəzərov açaraq bu yaxınlarda Ələşrəf Niftiyevin  “Elm və təhsil” nəşriyyatında çapdan çıxan yeni kitabı haqqında öz təəssüratlarını bölüşüb, bu kitabın oxucular üçün maraqlı və faydalı olacağını vurğulayaraq, müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Masallı RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlimərdan Abdullayev öz çıxışında tədbir iştirakçılarını və Ələşrəf Niftiyevi rayonun icra başçısı Araz Əhmədovun adından salamlayaraq, müəllif haqqında xoş sözlərini dilə gətirib və “Şəxsiyyətin harmoniyası işığında” kitabı ilə bağlı fikirlərini diqqətə çatdırıb. Ələşrəf müəllimi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edərək ona gələcəkdə daha böyük yaradıcılıq uğurları və möhkəm cansağlığı diləyib.

Sonra çıxış edən tədbir iştirakçıları – Masallı Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva, Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin və RF Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov, Rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Talıbzadə, yazıçı Xodaşirin Cəbiyev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Soltanağa Cəfərov, “Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun rəisi Sabiq Cahangirov, şair-publisist Tahir Heydərli, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, həmin kollecinin tarix müəllimi Baba Həsənov, Masallı Rayon Mərkəzi Kitabxanasının direktor əvəzi Zamin Məmmədov və başqaları Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Ələşrəf  Niftiyevin yeni kitabını böyük maraqla oxuduqlarını bildirərək, əsəri yüksək qiymətləndiriblər. Natiqlər kitabın oxucular, eləcə də gələcək nəsillər üçün əvəzedilməz töhfə olduğunu vurğulayıblar, həmçinin bildiriblər ki, kitab cəmiyyətin, insanların həyatı və fəaliyyəti barədə, həmçinin milli-mənəvi dəyərlərimiz haqqında, habelə üzləşdiyimiz problemlərin həllində yaxın məsləhətçi olmaqla yanaşı, oxuculara xeyirxahlıq missiyası bəxş edən gözəl töhfədir. Yazıçının ərsəyə gətirdiyi kitabda Masallının tanınmış ağsaqqal və yaradıcı şəxsiyyətlərinin ömür yolundan bəhs olunub, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrə yanaşmalar məharətlə əks etdirilib. Qeyd olunub ki, 78 yaşlı ədibin həyatdan götürdüyü olaylar əsasında qələmə aldığı nəsr əsərlərində, eləcə də xatirə və esselərdəki əsas leytmotiv milli-mənəvi dəyərlərimizin qorunması, hərbi-vətənpərvərlik işinin təbliği istiqamətində yeni nəslə örnək və nümunədir. Çıxış edən hər bir natiq uzun müddət məsul vəzifələrdə çalışmış III dərəcəli “Vətənə Xidmətə görə” ordenli, Dövlət qulluğu veteranı Ələşrəf Niftiyev haqqında səmimi və xoş sözlərini dilə gətirərək, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə müəllifin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri, el ağsaqqalı, dəyərli ziyalı Ələşrəf Niftiyev yüksək diqqətə görə Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, onlara imzalı kitablar hədiyyə edib.  20-yə yaxın kitab, yüzlərlə publisistik yazı, hekayə və tərcümələrin  müəllifi olan Ələşrəf Niftiyev vurğulayıb ki, əgər ömür vəfa edərsə, bundan sonra da yazacağı əsərlərdə xalqa, dövlətçiliyə xidmət yönümündə əhali, xüsusilə gənclər və məktəblilər arasında ölkəmizin uğurlarının təbliğinə geniş yer verəcək, daha məzmunlu və maraqlı kitablarla oxucuların görüşünə gələcək.

Tədbirin sonunda Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında Ümummilli Lider Heydər Əliyevin 100 iliiyi ilə əlaqədar dahi şəxsiyyətin şərəfinə həsr edilən şeirlər səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.