Mart ayının 5-də Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Qasım oğlu Əliyevin 80 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar:
Hörmətli Mayıl müəllim!
Sizi – Nizami Rayon Ağsaqqallar Şurasının sədrini, müdrik ağsaqqalı, dəyərli ziyalını, həyatı boyu şərəf və ləyaqət duyğusunu hər şeydən üstün tutan əziz insanı 80 İllik Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayırıq!
Siz vətənpərvər bir ziyalı kimi fəaliyyətiniz boyunca bir sıra məsul vəzifələrdə çalışaraq, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməklə xalqımıza və doğma Vətənimizə dəyərli xidmətlər göstərmisiniz. Həmişə milli və dövlət maraqlarını üstün tutaraq xalqa və Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirmisiniz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisinə istiqamətlənmiş uğurlu siyasəti dəstəkləmisiniz.
Şərəfli və məhsuldar ömür yolu keçən bir ağsaqqal kimi həyatınızın bu müdriklik çağında da Nizami Rayon Ağsaqqallar Şurasının sədri olaraq Azərbaycanımızın inkişafı üçün yorulmadan səylər göstərir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər, mübariz gənc nəslin yetişməsində böyük rol oynayırsınız. Sizin mənəvi saflığınız və vətəndaş böyüklüyünüz bu gün də cəmiyyətimiz, xüsusilə gənclər üçün bir nümunə məktəbidir. Ən böyük və ali mükafatınız isə Sizi tanıyan hər bir kəsin əməyinizə, şəxsiyyətinizə bəslədiyi dərin məhəbbət və ehtiramdır.
Hörmətli Mayıl müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi – ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqalımızı, dəyərli şəxsiyyəti Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə tükənməz xoşbəxtlik və gələcək fəaliyyətinizdə yeni nailiyyətlər diləyirik!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV