Xəbərlər

MİLİX YEVDAYEV – 80

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix İlxananoviç Yevdayevə 80 illik yubileyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağı münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

Hörmətli Milix Yevdayev!

Sizi – ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqalı, dəyərli ziyalını və alicənab insanı 80 illik əlamətdar yubileyiniz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, əmin-amanlıq və bundan sonrakı fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Siz uzun illər həm Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri, həm də Azərbaycan Ağsaqqallar Şurasının dəyərli üzvü kimi xalqımıza və dövlətimizə vicdanla xidmət etmiş, milli-mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətimizdə qarşılıqlı hörmət, həmrəylik və tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə mühüm töhfələr vermisiniz. Fəaliyyətiniz boyu nümayiş etdirdiyiniz yüksək vətəndaş mövqeyi, xeyirxahlıq, humanizm və məsuliyyət hissi Sizi cəmiyyətimizdə dərin hörmət qazanan görkəmli ziyalılardan birinə çevirmişdir. Azərbaycanın əsrlər boyu formalaşmış multikulturalizm və dini-mənəvi həmrəylik ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində göstərdiyiniz ardıcıl fəaliyyət xüsusi təqdirə layiqdir. Müxtəlif xalqların və dini icmaların mehriban ailə kimi yaşadığı ölkəmizdə qarşılıqlı etimadın, dostluğun və birliyin möhkəmlənməsi naminə gördüyünüz işlər dövlətimizin həyata keçirdiyi siyasətlə həmahəng şəkildə cəmiyyətimizə dəyərli töhfələr vermişdir.

Azərbaycan Ağsaqqallar Şurasında birgə fəaliyyətimiz dövründə Siz daim yüksək mənəvi keyfiyyətləriniz, müdrik məsləhətləriniz, zəngin həyat təcrübəniz və səmimi münasibətinizlə hər kəsin böyük hörmətini qazanmış, ağsaqqallıq missiyasını layiqincə yerinə yetirən nümunəvi şəxsiyyət kimi seçilmisiniz. Sizin həyat yolunuz gənc nəsil üçün Vətənə sədaqətin, milli-mənəvi dəyərlərə bağlılığın və xalqa təmənnasız xidmətin gözəl örnəyidir.

Hörmətli Milix Yevdayev!

Əlamətdar yubileyiniz və ali təltifə layiq görülməyiniz münasibətilə bir daha Sizə ən səmimi təbriklərimizi çatdırır, Uca Allahdan Sizə möhkəm cansağlığı, firavan və uzun ömür, ailənizə xoşbəxtlik, doğmalarınızla birlikdə neçə-neçə sağlam, mənalı və sevincli illər arzulayırıq!

Əminik ki, bundan sonra da zəngin təcrübəniz, müdrik sözünüz və çoxşaxəli fəaliyyətinizlə Azərbaycan dövlətinə, xalqımıza və cəmiyyətimizin inkişafına öz dəyərli töhfələrinizi verməyə davam edəcəksiniz.

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından

 Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.