Xəbərlər

Milli-mənəvi dəyərlərimiz gənclərimizin yolunu işıqlandıran ən böyük sərvətimizdir

Bu fikri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şurada keçirilən növbəti iclas zamanı səsləndirib.

Eldar Quliyevin iştirakı ilə keçirilən tədbirdə sədrin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, müavinlər – deputat, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, həmçinin ölkəmizin bir sıra rayonlarının Ağsaqqallar Şuralarının sədrləri, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və təşkilatın digər rəsmi şəxsləri Zahid Abbasov, Rafiq Rzayev, Elşad Quliyev iştirak ediblər.

İclasda Vətən uğrunda canlarından keçən şəhidlərimizin və Qazax Rayon Ağsaqqallar  Şurasının mərhum sədri Sabir Məhərrəmovun  xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Eldar Quliyev tədbir iştirakçılarını salamlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm Qələbədən sonra işğaldan azad olunmuş torpaqlarımızda infrastrukturun bərpa olunması məqsədilə böyük quruculuq işlərinin getdiyini bildirib. O qeyd edib ki, biz ağsaqqallar da üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, dövlətimizin apardığı siyasətə daim dəstək olmalı, xüsusilə də əhalimizin həssas təbəqəsi olan şəhid ailələrinə və qazilərə diqqətimizi əsirgəməməliyik. Hər bir şəhid ailəsinin və qazinin bizim üçün əziz olduğunu vurğulayan Eldar Quliyev təəssüf hissi ilə deyib ki, müharibə ilə heç bir əlaqəsi olmayan bəzi saxtakar insanlar bu müqəddəs adlardan sui-istifadə etməyə çalışırlar. Belə hallarla qəti mübarizə aparmalı olduğumuzu bildirdikdən sonra Eldar Quliyev tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməlik” şüarını xatırladaraq qeyd edib  ki, bu gün bizim gələcəyimiz olan Gənclər Günüdür və biz ağsaqqallar gənclərimzlə aparılan işlərimizi daha da intensivləşdirməli, onlara milli-mənəvi dəyərlərimizi dərindən aşılamalı, lazımi tövsiyə və məsləhətlərimizi verməliyik. Unutmamalıyıq ki, milli-mənəvi dəyərlərimiz gənclərin yolunu işıqlandıran ən böyük sərvətimizdir, bu dəyərlərin əsas daşıyıcıları isə tarix boyu ağsaqqallar olublar. Daha sonra təhsil sahəsindəki problemlərə toxunan natiq xüsusilə bölgələrdə, əsasən, qızların məktəblərə buraxılmamağının, onların erkən yaşlarında ərə verilmələrinin yolverilməz olduğunu bildirib və bu problemlərin həllində ağsaqqalların yaxından iştirak etmələrinin vacibliyini vurğulayıb. Azərbaycan Ağsaqqallar Şurasının ideoloji fəaliyyət istiqamətləri ilə bağlı proqramından, təşkilatın 2022-ci il üçün hazırlanmış iş planından söhbət açan Eldar Quliyev Şuranın nümayəndə heyətinin Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımın dəvəti ilə Türkiyəyə işgüzar səfərindən də bəhs edib. O, səfər çərçivəsində Binəli Yıldırımla, TDT-nin baş katibi Bağdad Amreyevlə və digər rəsmi şəxslərlə keçirilən məhsuldar görüşlərin, türk dövlətlərinin müvafiq qurumları arasında qurulan qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətindən söhbət açıb və bu əlaqələrin daha da artırılması, təcrübə mübadiləsinin aparılması üçün yaxın  gələcəkdə onların da Azərbaycana dəvət olunacaqlarını bildirib.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov tədbir iştirakçılarını salamlayaraq iclasda iştirak edən,  iş bölgüsü əsasında nəzarət etdiyi şəhər və rayon təşkilatlarının sədrlərinin böyük həyat təcrübəsinə malik ağsaqqallar olduğunu qeyd edib. O bildirib ki, ağsaqqal olan yerdə ruzi-bərəkət var, sabaha inam var, əmin-amanlıq var, ona görə də Allah heç bir ailəni, nəsli, cəmiyyəti, dövləti ağsaqqalsız etməsin. Bayram Yusifov ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyində olmadığı dövrlərdə Azərbaycanın yaşadığı xaos, hərc-mərclik və digər problemlərə toxunaraq qeyd edib ki, həmin vaxt ölkənin müdrik insanları – ağsaqqallar yığışaraq xalqın adından Ulu Öndərə müraciət etdilər və o, əsl ağsaqqallıq nümayiş etdirərək xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdı, Azərbaycanı parçalanmaq təhlükəsindən, bir çox bəlalardan xilas etdi. Həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən natiq vurğulayıb ki, indi həyatımızın ən parlaq səhifəsini yaşayırıq və bu sevinci, bu qüruru bizə bəxş etdiyinə görə Müzəffər Ali Baş Komandana, igid əsgər və zabitlərimizə, qazilərimizə, qəhrəman Azərbaycan xalqına minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bayram Yusifov onu da qeyd edib ki, bizim gələcəyimiz etibarlı əllərdədir, çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə çox vətənpərvər, igid, cəsarətli və yüksək intellektli gənc nəsil yetişib. Sonda natiq bildirib ki, biz də hər zaman bütün işlərdə möhtərəm Prezidentimizə dəstək olmalı, onun ətrafında dəmir yumruq kimi birləşərək daha xoşbəxt Azərbaycan naminə öz səylərimizi əsirgəməməliyik.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Elmira Süleymanova qısa nitqlə çıxış edərək ruhən gənc olan ağsaqqalları Gənclər Günündə ürəkdən salamlayıb və qeyd edib ki, ölkəmizdə hələ də pandemiyanın davam etməsinə baxmayaraq, təşkilatda əvvəlki illərlə müqayisədə canlanma və inkişaf var. O belə gözəl insanlarla işlədiyi üçün şad olduğunu bildirərək, hər kəsə möhkəm sağlamlıq və gələcək fəaliyyətində uğurlar arzu edib.

Tədbirdə çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Xalid Qurbanov, Şəmkir Rayon Ağsaqqqallar Şurasının sədri, I Qarabağ müharibəsinin iştirakçısı Bilal Məmmədov, Samux Rayon Ağsaqqqallar Şurasının sədri Gəray Bayramov və digər rayon sədrləri öz fəaliyyətlərindən bəhs edərək, gələcəkdə də ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatında yaxından iştirak edəcəklərini, Azərbaycanın inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Sonda Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri,  Əməkdar Mədəniyyət İşçisi Zərifə xanım Salahovanı 90 illik yubileyi münasibətilə İdarə Heyətinin üzvləri adından təbrik edib və tədbirdə iştirak edən şəhər, rayon sədrlərinə yeni vəsiqələr təqdim edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.