Noyabr ayının 22-də Mingəçevir Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib.
Tədbirdən öncə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, mətbuat katibi Rafiq Rzayev və ağsaqqallar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
YAP Mingəçevir şəhər təşkilatının iclas zalında baş tutan konfransda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan şəhidlərimizin, həmçinin Şəhər Ağsaqqallar Şurasının dünyasını dəyişən sədri Akif Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş nitqi ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov qonaqları və tədbir iştirakçılarını salamlayaraq respublika ağsaqqallarının, o cümlədən Mingəçevir şəhərinin ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, aktiv fəaliyyətindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Ulu Öndər Heydər Əliyevin hər zaman ağsaqqallara böyük ehtiramla yanaşdığını qeyd edən natiq vurğulayıb ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ağsaqqalların fəaliyyəti daha da artıb və onların cəmiyyətimizin bütün sahələrində yaxından iştirakı təmin edilib. Bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirilir. Çıxışının sonunda Hikmət Kərimov Mingəçevir Şəhər Ağsaqqallar Şurasına yeni sədrin seçilməsi məqsədilə keçirilən konfransın işinə uğurlar arzulayıb.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını, xoş arzularını tədbir iştirakçılarına çatdırıb. Mingəçevir kimi gözəl bir şəhərdə ağsaqqallarla görüşməkdən məmnun olduğunu bildirib. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin imza atdığı nailiyyətlərdən ətraflı bəhs edib. Yekunlaşmaqda olan möhtəşəm bir tədbirin – COP29-un paytaxtımız Bakıda uğurla keçirildiyini vurğulayıb. Qeyd edib ki, BMT-nin belə mötəbər tədbirinin ölkəmizdə keçirilməsi beynəlxalq aləmdə Azərbaycana olan hörmətin, onun qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat və başqa layihələrdə oynadığı müsbət rola verilən qiymətin göstəricisidir. Bu, həm də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılanmasının nəticəsidir. Qazandığımız bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi və bu gün uğurla davam etdirilən qüsursuz dövlətçilik strategiyası dayanır. Vahid Novruzov öz çıxışında, həmçinin, antiazərbaycan qüvvələrin fəallaşmasından, onların Azərbaycanın öz haqq savaşında qazandığı layiqli Zəfərə, uğurla həyata keçirdiyi COP29 tədbirinə və digər nailiyyətlərimizə kölgə salmaq cəhdlərindən də söz açıb. Vurğulayıb ki, hər bir ölkə vətəndaşı kimi biz – ağsaqqallar, ziyalılar da ayıq-sayıq olmalıyıq. Xüsusilə gənclərimizi milli, vətənpərvərlik ruhunda yetişdirməli, maarifləndirməli, onlara ölkəmizin hansı ağır sınaqlardan keçərək bu səviyyəyə gəlib çatdığını öyrətməliyik. Çünki gələcəyimiz gənclərimizin əlindədir, onlar Azərbaycanımızı qorumalı və daha da inkişaf etdirməlidirlər. Sonda Vahid müəllim tədbirin məqsədini bir daha xatırladaraq qeyd edib ki, əsas məramımız Mingəçevir Şəhər Ağsaqqallar Şurasına yeni sədrin seçilməsidir və mən əminəm ki, bu şərəfli və eyni zamanda məsuliyyətli vəzifəyə dəyərli bir ağsaqqalımız layiq görüləcəkdir.
Sonra konfransda çıxış edən Şura üzvü Əli Xəlilov Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri vəzifəsinə şəhərin ictimai-siyasi həyatında hər zaman yaxından iştirak edən ziyalı, ağsaqqal Mustafa Muradovun namizədliyini irəli sürüb. Digər Şura üzvləri Mayıl İsmayılov, Allahverdi Alıyev, Akif Mirabov və başqaları da çıxış edərək Mustafa Muradovun namizədliyi ilə bağlı təklifi dəstəklədiklərini bildirdilər. Qeyd ediblər ki, onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminik və biz, Şəhər Ağsaqqallar Şurasının üzvləri birlikdə qarşıya qoyulan işləri yüksək səviyyədə yerinə yetirəcəyik.
Daha sonra açıq səsvermə yolu ilə Mustafa Muradov yekdilliklə Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri seçilib. Mustafa Muradov ona göstərilən etimada görə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə, həmçinin şəhər ağsaqqallarına minnətdarlığını bildirərək vurğulayıb ki, Mingəçevir Şəhər Ağsaqqallar Şurasının fəaliyyətinin daha da aktivləşdirilməsi və inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir. Konfransda digər təşkilatı məsələlər də müzakirə olunub. Mingəçevir Şəhər Ağsaqqallar Şurasının İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb.
Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yeni seçilən sədri və heyəti təbrik edərək, onlara gələcək fəaliyyətlərində davamlı uğurlar və möhkəm cansağlığı arzulayıb.