Xəbərlər

Mingəçevir Şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

İyun ayının 8-də Mingəçevir Şəhər Ağsaqqallar Şurasının son birillik fəaliyyəti ilə bağlı hesabat konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri Akif Hacıyev, Azərbaycan Ağsaqqallar Şurasının əməkdaşı Elşad Quliyev, şəhər ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.
Tədbirdən öncə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam Komissyasının sədri, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq bildirib ki, şəhərin mədəni-ictimai həyatında, gənc nəslin təlim və tərbiyəsində, onlarda vətənpərvərlik hissinin artırılmasında ağsaqqallarımızın böyük əməyi vardır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı möhtəşəm Zəfərdən qürurla söz açan İlham İsmayılov qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın hər bir bölgəsindən olan qeyrətli övladlarımız kimi Mingəçevirdən olan qəhrəman oğullarımız da öz igidlikləri ilə şanlı tarix yazıblar. Şəhər rəhbəri bu qəhrəmanların yetişdirilməsində əvəzedilməz xidmətləri olan ağsaqqallarımıza gələcək işlərində müvəffəqiyyətlər diləyib.
Toplantıda hesabat məruzəsi ilə çıxış edən Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri Akif Hacıyev son birillik dövr ərzində təşkilatın öz işini ilik fəaliyyət planına uyğun olaraq uğurla həyata keçirdiyini bildirib. Şəhid ailələri və qazilərlə, həmçinin şəhər əhalisi, xüsusilə də gənclərlə keçirilən görüşlərdən, maarifləndirici tədbirlərdən bəhs edən natiq, əsasən, gənc nəslə ulu öndər Heydər Əliyev irsinin öyrədilməsi və təbliğ edilməsi işinin həyata keçirildiyini vurğulayıb. Əlavə edib ki, biz hər zaman onları pis vərdişlərdən uzaq tutmalı, qorumalı, sağlam həyat tərzini aşılamalıyıq.
Hesabat məruzəsindən sonra çıxış edən ağsaqqallar, şəhər sakinləri Mustafa Muradov, Rizvan Mikayılov və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, qazanılan böyük Qələbədən, həmçinin ağsaqqallara göstərilən qayğıdan söhbət açıblar. Vurğulayıblar ki, biz ağsaqqallar həmişə dövlətimizin və Prezidentimizin göstərdiyi doğru, düzgün istiqamətdə fəaliyyət göstərmişik və bundan sonra da bu işıqlı yolda irəliləyəcəyik.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından bütün zəhmətkeş Mingəçevir əhalisini salamlayıb. 44 günə 30 illik işğal altında olan torpaqlarımızı azad edən rəşadətli Ordumuzun qurucusu, Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü mükəmməl siyasətdən bəhs edən natiq vurğulayıb ki, möhtərəm Prezidentimiz nəyi, nə vaxt və necə edəcəyini çox gözəl bilirdi və möhtəşəm Qələbəmizin gurultulu sədaları altında bu bir daha öz təsdiqini tapdı. “Əvəzedilməz Liderimiz, müzəffər Ali Baş Komandanımız bizi qalib xalq, qalib ölkə etdi.” Eldar İbrahimov dövlətimiz və xalqımız tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan da bəhs edib.
O öz nitqində Türkiyənin hər zaman olduğu kimi, müharibə dövründə də bizə göstərdiyi böyük dəstəkdən, başda qardaş ölkənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla bütün türk xalqının Azərbaycanın yanında olmağından fəxrlə söz açıb. Türk dünyasının unudulmaz dahi şəxsiyyətləri olan ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi fikirlərini bir daha tədbir iştirakçılarına xatırladıb. “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” deyən Eldar İbrahimov bu birliyin digər türk dövlətlərinə də sirayət etdiyini bildirib.
İşğaldan azad olunmuş torpaqlarımızda geniş vüsətlə gedən quruculuq işlərindən – qardaş Türkiyənin bu işlərə göstərdiyi böyük dəstəkdən, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanın büdcəsi hesabına Füzulidə tikilməkdə olan məktəbdən söz açan natiq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu inkişafa böyük töhfə verdiyi vurğulayıb. Azərbaycan Ağsaqqallar Şurasının həyata keçirdiyi səmərəli işlərdən, gənclərlə aparılan maarifləndirmə tədbirlərindən və digər məsələlərdən ətraflı bəhs edən Eldar İbrahimov Mingəçevir ağsaqqallarına uzun və sağlam ömür, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.