Bakı, 16 aprel, AZƏRTAC
Mingəçevirdə Şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ağsaqqalları və ziyalıları iştirak ediblər.
Ağsaqqallar Şurasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirib ki, şəhərin inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqalların böyük xidmətləri var.
Bildirilib ki, müdrik və ziyalı insanlardan formalaşdırılacaq Mingəçevir Şəhər Ağsaqqallar Şurasının yeni tərkibi təşkilatın işini daha da fəallaşdıracaq. Qeyd edilib ki, 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı möhtəşəm Qələbədə, torpaqlarımızın işğaldan azad edilməsində Mingəçevirdən olan onlarla gənc öz qəhrəmanlıqları ilə şanlı tarix yazıblar. Belə vətənpərvər qəhrəman oğulların yetişdirilməsində ağsaqqalların da əməyi danılmazdır.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, deputat Eldar İbrahimov əvvəlcə, Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqı, o cümlədən ağsaqqallar 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya, ikili siyasət aparan beynəlxalq təşkilatlara millətimizin gücünü və iradəsini göstərdi. Bu birlik, Müzəffər Ali Baş Komandanın qətiyyəti, şanlı Ordumuzun gücü və qüdrəti sayəsində torpaqlarımız işğaldan azad edildi və tarixi Zəfər qazanıldı.
Eldar İbrahimov bildirib ki, hələ də davam edən koronavirus pandemiyasına və bundan irəli gələn bəzi çətinliklərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük töhfə verdiyi bu tərəqqi prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Hazırda təşkilatda ciddi canlanma müşahidə olunur. Belə ki, bütün şəhər və rayon ağsaqqallar şuralarında təşkilati məsələlərə baxılır, seçkilər keçirilir. Artıq təşkilatın yeni Nizamnaməsi qəbul edilib və indi rayonlar üçün hazırlanmış əsasnamələr qəbul olunur.
Sədr müavini, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətində 2021-2023-cü illər üçün Şuranın iş planı hazırlanıb həyata keçirilir. Əsas hədəf ölkəmizdə ağsaqqalların fəaliyyətini və nüfuzunu daha da artırmaqdır. Çünki ağsaqqallar ölkəmizin dünəni, bu günü və sabahıdır.
Sonra təşkilati məsələlər müzakirə olunub. Mingəçevir Şəhər Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Akif Hacıyev yenidən Şuranın sədri seçilib. Konfransda, həmçinin Mingəçevir Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.