İyun ayının 17-də Yevlax Şəhər Ağsaqqallar Şurasının sədri, vətənpərvər ziyalı, müdrik ağsaqqal Minnət Mürsəlovun 75 yaşı tamam olur.
İnsan ömrünün mənası yalnız yaşanmış illərin sayı ilə deyil, həmin illərdə xalqına, dövlətinə və cəmiyyətinə bəxş etdiyi fayda ilə ölçülür. Bu baxımdan Minnət Mürsəlovun keçdiyi həyat yolu, uzun illər ərzində müxtəlif məsul vəzifələrdə vicdanla fəaliyyət göstərməyi, qazandığı hörmət və nüfuz, ətrafındakı insanların rəğbəti və etimadı onun zəngin həyat təcrübəsinin, yüksək mənəvi keyfiyyətlərinin və nümunəvi vətəndaş mövqeyinin bariz ifadəsidir. Minnət müəllim əmək fəaliyyəti boyunca üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmiş, zəhmətsevərliyi, təşkilatçılıq və idarəçilik bacarığı, prinsipiallığı və insanlara qayğıkeş münasibəti ilə seçilmişdir. Hər zaman milli-mənəvi dəyərlərimizə bağlılığı, Vətənə və xalqa sədaqəti fəaliyyətinin əsas prinsipi kimi qoruyub saxlamışdır. Yüksək mədəniyyəti, təvazökarlığı, səmimiyyəti, insanlarla ünsiyyət qurmaq bacarığı və ağsaqqal müdrikliyi ilə onu tanıyan hər kəsin dərin hörmətini qazanmışdır.
Minnət Mürsəlovun Yevlax Şəhər Ağsaqqallar Şurasının sədri kimi fəaliyyəti də xüsusi olaraq təqdirəlayiqdir. O, ağsaqqallıq institutunun nüfuzunun daha da yüksəldilməsi, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, cəmiyyətdə birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində yorulmadan çalışır, öz zəngin həyat təcrübəsini və biliklərini insanların rifahına xidmət edən xeyirxah işlərə sərf edir. Minnət müəllimin rəhbərliyi altında Yevlax şəhərində Ağsaqqallar Şurasının inkişafı, ağsaqqalların cəmiyyət həyatındakı rolunun gücləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilir. Əminik ki, dəyərli yubilyarımız bundan sonra da öz zəngin həyat təcrübəsi, müdrik məsləhətləri və nümunəvi fəaliyyəti ilə cəmiyyətimizə, ağsaqqallar hərəkatına və gənc nəslin formalaşmasına böyük töhfələr verməyə davam edəcəkdir.
Bu əlamətdar gündə ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqal, dəyərli ziyalı, alicənab şəxsiyyət Minnət Mürsəlovu 75 illik şanlı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, firavan həyat və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV