Xəbərlər

MİSİR MƏRDANOV – 80

Hörmətli Misir müəllim!

Sizi – Azərbaycan elminin və təhsilinin inkişafına böyük töhfələr vermiş görkəmli alimi, müdrik ağsaqqalı, dəyərli ziyalını və alicənab insanı 80 İllik Yubileyiniz və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinizə və elmi-pedaqoji sahədə böyük xidmətlərinizə görə “Şərəf” ordeni ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Ömrünüzün şanlı 80 ili Azərbaycan elminə, təhsilinə, dövlət idarəçiliyinə və ictimai-mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edən zəngin və mənalı bir həyat yoludur. AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor kimi yüksək elmi fəaliyyətinizlə yanaşı, elm və təhsilimizin inkişafı naminə həyata keçirdiyiniz təşkilati və idarəçilik fəaliyyəti də xüsusi ehtiram doğurur. Azərbaycan Respublikasının sabiq təhsil naziri kimi uzun illər ərzində milli təhsil sistemimizin inkişafına xidmət edən fəaliyyətiniz, təhsilimizin qarşısında duran mühüm məsələlərin həllinə verdiyiniz töhfələr, müəllim əməyinə və gənc nəslin intellektual-mənəvi inkişafına göstərdiyiniz diqqət ölkəmizin təhsil tarixində özünəməxsus iz qoyub. Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına daim sadiq olan bir şəxs kimi Siz bu gün də Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətini qətiyyətlə dəstəkləyir, ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında əhəmiyyətli rol oynayaraq xalqımıza böyük xidmətlər göstərirsiniz.

Sizin şəxsiyyətinizdə alimliklə ağsaqqallıq, yüksək intellektlə həyat təcrübəsi, elmi prinsipiallıqla insani keyfiyyətlər vəhdət təşkil edir. Məhz bu xüsusiyyətləriniz Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində də özünü aydın şəkildə göstərir. Şuranın İdarə Heyətinin üzvü kimi toplantı və tədbirlərdə fəal iştirakınız, elmi və həyat təcrübənizlə müzakirələrə verdiyiniz dəyərli töhfələr, ağsaqqal müdrikliyiniz və prinsipial mövqeyiniz təşkilatımızın fəaliyyətinin daha da zənginləşməsinə xidmət edir. Sizin simanızda Azərbaycan Ağsaqqallar Şurası elm və təhsilimizin görkəmli nümayəndəsini, böyük həyat təcrübəsinə malik müdrik ağsaqqalı və yüksək mənəvi dəyərləri ilə seçilən ziyalını görür.

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri kimi fəaliyyətiniz də xüsusi qeyd olunmağa layiqdir. Doğma Göyçənin yetirməsi olaraq Qərbi Azərbaycanın tarixi, mədəni və mənəvi irsinin öyrənilməsi və yaşadılması istiqamətində gördüyünüz işlər, bu sahədə ziyalı mövqeyiniz və ictimai fəaliyyətiniz Sizin milli yaddaşımıza bağlılığınızın parlaq ifadəsidir. Dövlətimiz tərəfindən səmərəli və dəyərli xidmətlərinizə görə bir çox təltiflərə, eləcə də “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” və “Şərəf” ordenləri kimi ali dövlət mükafatlarına layiq görülməyiniz Azərbaycanın inkişafına və rifahına verdiyiniz töhfənin yüksək dəyərləndirilməsidir.

Hörmətli Misir müəllim!

Siz uzun və şərəfli ömür yolunuzla sübut etmisiniz ki, insanın əsl böyüklüyü onun qazandığı elmi adlarda və tutduğu yüksək vəzifələrdə deyil, cəmiyyətə, elmə, təhsilə və insanlara bəxş etdiyi dəyərdədir. Çoxşaxəli fəaliyyətiniz, zəngin elmi irsiniz, yüksək ziyalılığınız və nəcib insani keyfiyyətləriniz Sizi xalqımızın böyük hörmətini qazanmış şəxsiyyətə çevirib. Əminik ki, zəngin təcrübəniz, dəyərli məsləhətləriniz və müdrik ağsaqqal sözünüz bundan sonra da Azərbaycan elminə, təhsilinə və ictimai həyatına öz töhfəsini verəcəkdir.

Bu xoş gündə Sizi bir daha əlamətdar Yubileyiniz və ali dövlət təltifinə layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, daim yüksək əhval-ruhiyyə, firavanlıq və əmin-amanlıq diləyirik!

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.