Azərbaycan Ağsaqqallar Şurası tərəfindən təşkilatın sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbələrinin sakinlərinə – şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə, ağsaqqallara ənənəvi iftar süfrəsi verilib.
İftarda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı Milli Məclisin deputatı Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, o cümlədən rayonun idarə rəhbərləri və rəsmi şəxsləri iştirak ediblər.
500-ə yaxın sakinin iştirak etdiyi iftar mərasimi din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz ruhuna, həmçinin hazırda vəzifə başında ayıq-sayıq dayanaraq ölkəmizi düşməndən qoruyan igid əsgər və zabitlərimizə dualar edilib, müqəddəs kitabımız olan “Qurani-Kərim”in müsəlmanlara nazil olduğu Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb. Mərasimdə iştirak edənlər iftar süfrəsinin açılmasında əziyyəti olan hər bir kəsə, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasına və ölkəmizin bugünkü sabitliyi, tərəqqisi və gündən-günə güclənməsi uğrunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər, düşmənlə üz-üzə dayanan rəşadətli Ordumuza uğurlar arzulayıblar.
İftar süfrəsində iştirak edən şəhid ailələrinin üzvləri, qazilər və ağsaqqallarla görüşərək onların qayğıları ilə maraqlanan Eldar Quliyev mübarək Ramazan ayında Allahdan oruc tutan insanların bütün ibadətlərinin, o cümlədən oruc və niyyətlərinin qəbul olunmasını arzulayıb.












