Bu fikri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Masallı Rayon Ağsaqqallar Şurasının 28 May – Müstəqillik Gününə həsr edilmiş konfransında səsləndirib.
Konfransda Elmira Süleymanova ilə yanaşı Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova, Azərbaycan Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev, Masallı Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Mehdiyev, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayon ağsaqqalları, şəhid valideynləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və Qəhrəmanlar parkında şəhidlərin abidə-komleksini ziyarət edərək önünə gül dəstələri düzüblər, əziz xatirələrini ehtiramla yad ediblər.
Masallı rayonunun Heydər Əliyev Mərkəzinin geniş iclas zalında təşkil olunan konfransda respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova tədbir iştirakçılarını və bütün Masallı əhalisini Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. O, geniş və məzmunlu çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğu, iqtisadiyyatın, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb və həmin dövrdə atılan addımların Azərbaycan xalqının milli özünüdərkinə mühüm töhfələr verdiyini deyib. Zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib. Vurğulanıb ki, artıq 2 ildir Müstəqillik Gününü qalib dövlət, qalib xalq kimi qeyd edirik.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət nəticəsində müstəqil dövlətimizin dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrildiyini qeyd edən Elmira Süleymanova konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə mühüm uğurlara imza atır. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın başçılığı ilə şanlı Ordumuz düşməni qısa müddətdə məğlubiyyətə uğradıb və uzun illər işğalda qalan torpaqlarımızı azad edərək 30 illik həsrətimizə son qoyub, xalqımıza hədsiz sevinc və xoşbəxtlik bəxş edib.
Elmira Süleymanova işğaldan azad olunmuş torpaqlarımızda görülən tikinti-bərpa və quruculuq işlərindən də danışaraq qeyd edib ki, bu işlər Azərbaycan dövlətinin qüdrətini, ölkə rəhbərliyinin siyasi qətiyyətini və xalqımızın əzmkarlığını göstərir. Tarixi Zəfərimizdən sonra dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə işğaldan azad olunmuş rayonlarımızda hava limanlarının, xeyli sayda sosial və digər obyektlərin açılışı, yaşayış komplekslərinin, binaların təməlqoyma mərasimlərinin keçirilməsi hər kəsdə yüksək qürur hissi və Böyük Qayıdışın tezliklə reallaşacağına tam əminlik yaradır. O, ağsaqqalların qarşısında duran əsas vəzifələrdən də ətraflı söhbət açaraq Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn öhdəliklər barədə məlumat verib və mövcud reallıqları nəzərə almaqla tövsiyələrini çatdırıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova öz çıxışında 28 May – Müstəqillik Gününün 104-cü ildönümündən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren və demokratik Azərbaycanın əldə etdiyi uğurlardan, ölkəmizin beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş olmasından bəhs edib. O, əlavə edib ki, Masallı ağsaqqalları hər zaman rayonun ictimai-siyasi həyatında fəal mövqe sərgiləyir, gənc nəslin dövlətçiliyə bağlılığı istiqamətində üzərlərinə düşən şərəfli missiyanı vicdanla və məsuliyyətlə yerinə yetirirlər.
Rayon Ağsaqqallar Şurasının sədr müavini, “Tərəqqi” medallı Əyyub Mehdiyev, rayon Ağsaqqallar Şurasının üzvlərindən Rəbbi Kərimov, şəhid ataları Aslan Məhərrəmov və Rauf Həsənov, “Tərəqqi” medallı müəllim, Əlil Qadınlar cəmiyətinin sədri Əminə Abıyeva və başqaları tədbirin keçirilməsinin önəmindən danışaraq qeyd ediblər ki, müstəqillik xalqın sərvətidir, onu qorumaq hər bir vətəndaşın mənəvi borcudur. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədə Masallı gənclərinin də böyük payı olduğunu, eləcə də bu gənclərin vətənpərvərlik ruhunda böyüməsində ağsaqqallarımızın mənəvi dəstəyinin və öyüd-nəsihətlərinin önəm daşıdığını qeyd edən çıxışçılar dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəklədiklərini bildiriblər.
Konfransdan sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova və rayon rəhbərliyi müalicə olunan Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevi ziyarət edərək onun səhhəti və qayğıları ilə maraqlanıb, Allahdan şəfa diləyiblər.