Xəbərlər

MUSTAFA MURADOV – 80

İyul ayının 4-də Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri, dəyərli ziyalı, müdrik ağsaqqal, alicənab insan Mustafa Muradovun 80 yaşı tamam olur.

Uzun illər Mingəçevir şəhərində telekommunikasiya sahəsinin inkişafına, müasir rabitə infrastrukturunun formalaşmasına və etibarlı xidmət sisteminin qurulmasına dəyərli töhfələr verən Mustafa Muradov səmərəli təşkilatçılıq bacarığı, işgüzarlığı və prinsipiallığı ilə kollektivdə peşəkarlığın və məsuliyyətin örnəyinə çevrilmişdir. İnsanlara səmimi münasibəti, yüksək mənəvi keyfiyyətləri, sadəliyi, təvazökarlığı, dövlətçiliyimizə və milli maraqlarımıza sarsılmaz sədaqəti ona təkcə Mingəçevir şəhərində deyil, bütün respublikamızda böyük hörmət və rəğbət qazandırmışdır.

Mustafa müəllim Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri kimi fəaliyyətə başladığı gündən etibarən təşkilatın işində canlanma yaratmış, Şuranın nüfuzunun daha da yüksəlməsinə, şəhərin ictimai-siyasi və mədəni həyatında fəal iştirakına nail olmuşdur. Onun rəhbərliyi ilə keçirilən əhəmiyyətli tədbirlər, maarifləndirici görüşlər ağsaqqallar institutunun cəmiyyətimizdəki rolunu daha da möhkəmləndirmiş, yaşlı nəslin zəngin həyat təcrübəsinin gənclərə ötürülməsinə mühüm töhfələr vermişdir. Xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərimizə sədaqət, dövlətçilik ənənələrinə hörmət, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində göstərdiyi yorulmaz fəaliyyət yüksək qiymətə layiqdir.

Bu gün Mustafa Muradovun 80 illik şərəfli ömür yolunuza nəzər salarkən böyük qürur hissi ilə demək olar ki, o, həyatının hər mərhələsində xalqımıza, dövlətimizə və doğma Azərbaycanımıza ləyaqətlə xidmət etmiş, zəhməti, müdrikliyi və xeyirxahlığı ilə insanların dərin hörmətini qazanmışdır. Əminik ki, hörmətli ağsaqqalımız zəngin həyat təcrübəsindən, müdrik məsləhətlərindən və yüksək təşkilatçılıq bacarığından bundan sonra da cəmiyyətimizin inkişafı, ağsaqqallıq ənənələrinin daha da möhkəmləndirilməsi və gənc nəslin milli ruhda tərbiyəsi naminə uğurla istifadə edəcəkdir.

Ömrünü Vətənə, dövlətə və xalqımıza vicdanla xidmətə həsr etmiş dəyərli ziyalı, müdrik ağsaqqal və nüfuzlu ictimai xadim Mustafa Muradovu 80 illik əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, uca Allahdan ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və ölkəmizin inkişafı naminə həyata keçirdiyi nəcib fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.