Təbriklər

NƏRİMAN HƏMİDOV – 90

Fevral ayının 23-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik, Vətən müharibəsi şəhidi Şükür Həmidovun atası Nəriman Həmidovun 90 yaşı tamam olur.

Azərbaycan ağsaqqalının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Nəriman Həmidov    fəaliyyəti boyunca hər zaman dövlətimizə və xalqımıza yüksək fədakarlıqla xidmət göstərmişdir. Vəzifəsindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hamı ilə mehriban və səmimi münasibətlər quran Nəriman Həmidov həm də gözəl ailə başçısı, qayğıkeş atadır. Övladlarına xeyirxahlıq və nəciblik kimi ali dəyərlər aşılayan Nəriman müəllim onları yüksək vətənpərvərlik ruhunda tərbiyə etmişdir. O, 2016-cı il aprel ayında Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi böyük şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən, Vətən uğrunda,  doğulduğu Qubadlı rayonunun azadlığı uğrunda həlak olan şəhid-polkovnik Şükür Həmidov kimi qəhrəman övlad yetişdirmişdir. Hazırda Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olan Nəriman Həmidov gənclərimizin özlərinə nümunə götürdüyü Şükür Həmidov kimi igid, vətənpərvər oğul böyüdən qəhrəman ata olaraq cəmiyyətimiz üçün bir örnəkdir. Biz fəxr edirik ki, sıralarımızda Nəriman müəllim kimi ağsaqqallarımız var.

Şərəfli və fədakar ömür sürərək həyatının müdriklik zirvəsinə yüksələn Nəriman Həmidovu 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor             Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.