Xəbərlər

Nərimanov Rayon Ağsaqqallar Şurasında şəhid ailələri ilə görüş keçirilib

Nərimanov Rayon Ağsaqqallar Şurasının təmir olunaraq yeni istifadəyə verilmiş ofisində şəhid ailələri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov açaraq II Qarabağ müharibəsində qazandığımız şanlı qələbədən, Azərbaycan xalqının müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin düşmənə göz dağı olmasından, şəhid və qazilərimizin rəşadətinin qələbəmizdəki rolundan danışıb.

Sonra şəhid Faiq Yusifovun atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nərimanov rayon şöbəsinin sədri İrşad Yusifov çıxış edərək şəhid ailələrinə yüksək dövlət qayğısının olduğunu, bu qayğının daim artdığını bildirib. Natiq çıxışında vurğulayıb ki, şəhidlərin qəhrəmancasına keçdiyi döyüş yolu gənc nəslə çatdırılmalı, onların milli ruhda böyüməsi üçün görülən işlər davam etdirilməlidir.
Tədbirdə Azad Humbətov adına 291 nömrəli Ekologiya liseyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov çıxış edərək bildirib ki, hər bir döyüşçünün həyat yolu bir məktəbdir, onların şərəfli mübarizə yolu böyüməkdə olan gənc nəslə təbliğ edilməlidir. Bunun üçün yazıçılar, şairlər yazıb yaratmalı, xalqımızın mübarizə salnaməsi gələcək nəsillərə lazım olduğu kimi çatdırılmalıdır.
Çıxış edən digər natiqlər şəhidlərin, müharibə iştirakçılarının həyat və döyüş yolu haqqındakı kitabların, müxtəlif vəsaitlərin yazılması fikrini alqışlayıblar.
Sonda Nərimanov rayonunda müxtəlif ictimai və maarifləndirici işlərdə yaxından iştirak edən şəhid ailəsi üzvlərinə Fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, bir neçə gün qabaq açılışı olan Nərimanov Rayon Ağsaqqallar Şurasının ofisi əsaslı təmir olunaraq ağsaqqalların ixtiyarına verilib. Açılışda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və digər rəsmi şəxslər, o cümlədən rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.