Xəbərlər

Nərimanov Rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayevin 70 illik yubileyi qeyd olunub

Yanvar ayının 10-da Nərimanov Rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayevin 70 illik yubileyi münasibətilə Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

Tədbirdə yubilyarla yanaşı, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, eləcə də digər tanınmış şəxslər, ağsaqqallar və ziyalılar iştirak ediblər.

İclasda çıxış edən natiqlər Nərimanov Rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayevə yubiley münasibətilə səmimi təbriklərini və ən xoş arzularını çatdırıblar. Qeyd ediblər ki, Kamil müəllim gənc yaşlarından sadə zəhmətdən başlayan uzunmüddətli səmərəli fəaliyyəti ilə xalqımıza və dövlətimizə uğurla xidmət etmişdir. O, hazırda Nərimanov Rayon Ağsaqqallar Şurasının sədr müavini olaraq müdrik ağsaqqal, dəyərli ziyalı kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı ilə cəmiyyətimizin inkişafında, gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Tədbirdə, həmçinin, Arif Hümbətovun sədrliyi ilə Nərimanov Rayon Ağsaqqallar Şurası tərəfindən həyata keçirilən səmərəli işlərdən ətraflı söhbət açılıb.

Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev də iclasda çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Sonra Kamil Babayevi 70 illik yubileyi münasibətilə təbrik edərək, Eldar Quliyev tərəfindən ölkəmizin ictimai-siyasi həyatında və Nərimanov Rayon Ağsaqqallar Şurasının fəaliyyətində xidmətlərinə görə təltif edilən yubilyara “Fəxri Ağsaqqal” döş nişanını təqdim edib. Ona gələcək fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Kamal Əliyev, həmçinin, öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir vətəndaşımıza, o cümlədən də ağsaqqallara göstərdikləri yüksək diqqət və qayğını xüsusi vurğulayıb.

Sonra digər təşkilatları təmsil edən edən tədbir iştirakçıları tərəfindən də Nərimanov Rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayevə fəxri fərmanlar, təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Kamil Babayev göstərilən yüksək diqqətə və “Fəxri Ağsaqqal” döş nişanına layiq görüldüyünə görə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə, eləcə də onu təbrik edərək əməyini dəyərləndirən bütün tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirib. Bundan sonra da fəaliyyətini yüksək səviyyədə davam etdirəcəyini vurğulayıb.

Tədbir iştirakçıları, həmçinin, Nərimanov Rayon Ağsaqqallar Şurasının üzvü, el ağsaqqalı Barat Hüseynovu da 80 illik yubileyi münasibətilə təbrik edərək ona öz xoş arzularını çatdırıblar. Yubilyara mükafat və hədiyyələr təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.