Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr – Zəfər Günü münasibətilə 193 nömrəli tam orta məktəbdə “Zəfərin mübarək, Azərbaycan!” adlı bayram tədbiri keçirilib. Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, həmçinin digər şəhid ailələrinin üzvləri, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən igidlər, qazilər, Veteranlar Şurasının üzvləri, Nərmanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, ağsaqqallar, gənclər və digər qonaqlar iştirak ediblər.
Tədbirdə ilk öncə xalqımıza zəfər sevinci yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəb şagirdləri möhtəşəm Zəfər sevincini tədbir iştirakçılarına çatdıraraq şeirlər söyləyiblər, mahnılar ifa ediblər, rəngarəng rəqs nömrələri nümayiş etdiriblər, hər bir kəsdə bayram əhval-ruhiyyəsi yaradıblar.
Məktəbin direktoru Nihal Hacıyeva çıxış edərək tədbir iştirakçılarını bu misilsiz qalibiyyətin əldə edilməsi münasibətilə təbrik edib. Bildirib ki, məhz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəmanlıq göstərən igid oğullarımız Qələbə sevincini bizə yaşadıblar.
Digər natiqlərlə yanaşı tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov da çıxış edib. O vurğulayıb ki, ölkəmiz hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən əlamətdar və şanlı dövrünü, davamlı inkişaf və dirçəliş mərhələsini yaşayır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı altında qəhrəman Ordumuz böyük şücaət və igidlik göstərərək 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni işğalından azad edib. Arif müəllim, həmçinin bildirib ki, bu müharibədə tarix yazmış əsgər və zabitlərimizin, ərazi bütövlüyümüzü və suverenliyimizi canı-qanı bahasına bərpa etmiş əziz şəhidlərimizin və qəhrəman qazilərimizin sayəsində hazırda Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında hər zaman “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı bu gün böyük Zəfəri qalib xalq kimi yüksək fəxarət hissi ilə qeyd edir.
Daha sonra Arif Hümbətov, 193 nömrəli tam orta məktəbin rəhbərliyinə və müəllim heyətinə təşəkkür edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Səmərəli fəaliyətinə və gənclərimizin maarifləndirilməsindəki xidmətlərinə görə məktəbin direktoru Nihal Hacıyevaya Nərimanov Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin adından sertifikat təqdim edib.