Xəbərlər

Nərimanov Rayon Ağsaqqallar Şurasının üzvləri Türkiyə səfirliyində qardaş türk xalqına başsağlığı veriblər

Artıq xəbər verdiyimiz kimi, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə təşkilat tərəfindən qardaş Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım göstərilib, Türkiyənin Bakıdakı səfirliyinin önündə yaradılmış guşənin qarşısına Şuranın adından əklil qoyulub,  zəlzələ zamanı həlak olanların xatirəsi ehtiramla yad edilib, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi Türkiyənin ölkəmizdəki səfirliyində olub və bütün türk xalqına başsağlığı veriblər. Hazırda Şuranın yerli təşkilatları tərəfindən də türk qardaşlarımıza göstərilən diqqət davam etdirilir. Belə ki, Nərimanov Rayon Ağsaqqallar Şurasının  sədri, Şəhid Milli Qəhrəman Azad Hümbətovun atası Arif Hümbətov başda olmaqla rayon ağsaqqalları, şəhid valideynləri və ziyalılar zəlzələdə həyatını itirənlərin xatirəsini anmaq məqsədilə Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzüblər, uca Allahdan ölənlərə rəhmət, xəsarət alanların tezliklə sağalmalarını diləyiblər. Həmçinin Arif Hümbətov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşərək zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar  başsağlığı verib və matəm kitabına ürək sözlərini yazıb. Matəm kitabında qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ xəbərinin hər bir Azərbaycan vətəndaşını  dərindən sarsıtdığını vurğulayan Arif müəllim Türkiyə xalqına, zəlzələ zamanı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, həyatını itirən soydaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa, böyük Türk millətinə səbr diləyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi fikrini bir daha böyük qürurla təkrarlayıb: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır!”

Səfir Cahit Bağçı ziyarətə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Səfirlikdəki qəbulda Türkiyənin Azərbaycandakı hərbi attaşesi, mütəmadi olaraq ölkəmizdə şəhid ailələri və qazilərlə görüşən, onlara mənəvi dəstək olan general-mayor  Zəkəriyyə Yalçın və səfirliyin əməkdaşı Vüsal Muradov da iştirak edib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.