Nəsimi Rayon Ağsaqqallar Şurası Zəfər Günü münasibətilə tədbir keçirib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov, Azərbayacan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbayacan Ağsaqqallar Şurasının məsul işçisi Elşad Quliyev, rayon Ağsaqqallar Şurasının üzvləri, ictimai təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon gəncləri iştirak ediblər.
Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Natiq əlavə edib ki, ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyaların bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini qeyd edən Vaqif Şadlinski vurğulayıb ki, Ümummilli Liderin siyasi kursuna sadiq qalan dövlət başçımızın yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bütün bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib və biz də özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq Qələbəsinin canlı şahidləri olduq. Eyni zamanda haqq davamızın nəticəsi olan bu Qələbənin xalqımızı daha da bütövləşdirdiyini, daha da mübariz etdiyini, milli həmrəyliyimizi gücləndirdiyini bildirən Vaqif Şadlinski 44 günlük müqəddəs savaşın dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildiyini qeyd edib. Nə qədər tariximizi oxusaq da, gözəl bilsək də, ona hər zaman sadiq qalsaq da, Qarabağsız bu tarix, sanki tam deyildi. Məhz belə bir mənəvi boşluğu Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, müzəffər Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
Tədbirdə çıxış edən Azərbayacan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin adından toplantı iştirakçılarını salamlayaraq, qarşıdan gələn möhtəşəm bir bayram – Zəfər Günü münasibətilə ağsaqqalları səmimi-qəlbdən təbrik edib, xalqımızın və dövlətimizin rifahı, tərəqqisi və əmin-amanlığı naminə gördükləri bütün işlərdə onlara yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Tarixi ədaləti bərpa edən şanlı Zəfəri uzun müddət qətiyyətlə aparılan uğurlu siyasətin məntiqi nəticəsi kimi dəyərləndirən Ramin Həsənli qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında xilaskarlıq missiyasını şərəflə yerinə yetirən Azərbaycan Ordusu düşməni təslim olmağa məcbur edərək əzəli, əbədi torpaqlarımızı işğaldan azad etdi. O, həmçinin vurğulayıb ki, bu böyük Qələbənin müəllifi olan möhtərəm Prezidentimizin rəhbərlik qətiyyəti və diplomatiya istedadı hər bir azərbaycanlı kimi ağsaqqalların da ürəyini dağa döndərir və hamımız Ona öz dərin, hədsiz təşəkkürümüzü bildiririk. Vətən uğrunda canından, qanından keçən qəhrəman şəhidlərimizin əziz ruhu qarşısında baş əyirik, qazilərimizə dərin minnətdarlığımızı ifadə edirik.
Tədbirdə çıxış edən digər natiqlər – Nəsimi Rayon Ağsaqqallar Şurasının sədr müavini İmamverdi Həmidov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və rayonun Ağsaqqallar Şurasının üzvü, “Dağ Yəhudiləri” dini icmasının rəhbəri Milix Yevdayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda Nəsimi Rayon Ağsaqqallar Şurasının bir qrup üzvünə rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə Təşəkkürnamələr təqdim olunub.