Mart ayının 15-də Nəsimi Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. İclasda Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və aparatın əməkdaşı Elşad Quliyev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri, o cümlədən ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclası Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski açaraq tədbir iştirakçılarını salamlayıb və onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Vurğulayıb ki, bu il xalqımız Novruz bayramını işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Xankəndidə, Xocalıda və digər rayonlarda təntənəli surətdə qeyd edəcəkdir. Sonra natiq bildirib ki, bu Qələbə sevincini bizə yaşadan Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan sürətlə inkişaf edir, respublikamızda bütün sahələr üzrə davamlı nailiyyətlər əldə olunur. Ölkəmizdə 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərindən də bəhs edən Vaqif Şadlinski vurğulayıb ki, həmin tarixdə seçicilərimiz bu seçkilərdə fəal iştirak edərək qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs veriblər. O bildirib ki, bütün suveren, işğaldan azad edilmiş ərazilərimizi əhatə edən bu prezident seçkilərində, həmçinin təbliğat-təşviqat prosesində ağsaqqallarımız, o cümlədən Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri fəal iştirak ediblər, tarixi Zəfərimizin Memarını hərtərəfli dəstəkləyiblər.
İclasda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da çıxış edərək ağsaqqalların ölkəmizin, o cümlədən Nəsimi rayonunun ictimai-mədəni həyatındakı fəal rolundan, onların aktiv fəaliyyətindən bəhs edib. Növbədənkənar prezident seçkilərində Nəsimi Rayon Ağsaqqallar Şurasının və onun üzvlərinin nümayiş etdirdikləri nümunəvi fəaliyyət əzmini yüksək dəyərləndirən icra başçısı rayon təşkilatına gələcək işlərində uğurlar arzulayıb. Bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırılan ağsaqqallarımıza Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi diqqət göstərir. Ağsaqqallara olan bu həssas və qayğılı münasibət Nəsimi rayonunda da yüksək səviyyədə həyata keçirilir.
Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli öz çıxışında tədbir iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdırıb və Şuranın rəhbərliyi adından hər bir kəsi qarşıdan gələn, xalqımızın ən gözəl bayramlarından biri hesab edilən Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Vətən övladlarının qazandığı möhtəşəm Zəfərdən, tariximizə qızıl hərflərlə həkk edilən Qələbədən sonra bayramlarımızın bütün ölkə ərazisini əhatə etməsi hamımızı sonsuz dərəcədə qürurlandırır. Azərbaycan Ağsaqqallar Şurasının son dövrlərdə millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə həyata keçirilən daha geniş və səmərəli fəaliyyətindən söz açan natiq qeyd edib ki, üçrəngli bayrağımızın dalğalandığı bütün tarixi, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda keçirilən növbədənkənar prezident seçkilərində də bunun bir daha şahidi olduq. Azərbaycan Ağsaqqallar Şurası, o cümlədən Şuranın ölkəmizin 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatlarının minlərlə üzvü ölkəmizin bütün ərazisində aparılan təşviqat kampaniyasında və seçkilər günü səsvermədə aktiv iştirak ediblər. O, bu seçkilərdə təşviqat qrupunun üzvü olan Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinskinin rəhbərliyi ilə rayon ağsaqqallarının aktiv fəaliyyətləri ilə seçildiklərini xüsusi vurğulayıb və ölkəmizin ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirdiklərinə görə hər birinə öz minnətdarlığını bildirib.
Sonra rayonun ictimi-siyasi həyatında aktiv iştirak etdiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvlərinə Fəxri fərmanlar, Təşəkkürnamələr və bayram sovqatları təqdim olunub.
Tədbirdə, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunan Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinskiyə medal təqdim edilib.

















