Xəbərlər

Nəsimi Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə 1 oktyabr “Ahıllar günü”nə həsr olunmuş görüş keçirilib

Nəsimi rayonunda Ağsaqqallar Şurasının təşkilatçılığı ilə 1 oktyabr “Ahıllar günü”nə həsr olunmuş görüş keçirilib. Görüşdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Nəsimi Rayon İcra Hakimiyyətinin müavinləri – Gülarə Verdiyeva, Zahid Xəlilov, Ramiz Quliyev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev və mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar və rayon ictimaiyyətinin digər nümayəndələri iştitrak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxış edərək, dövlətin ahıllara, o cümlədən ağsaqqallara sosial qayğısından, onların hüquqlarının qorunması üçün görülən tədbirlərdən ətraflı danışaraq nəzərə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdəki siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edib ki, müstəqil Azərbaycanın gücü artdıqca əhalinin bu təbəqədən olan sakinlərinin sosial problemlərinə daha böyük diqqət göstərilir. Əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin ciddi səyləri və təşəbbüsü ilə 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur və bütün bunlar bu təbəqədən olan insanlara qayğının bariz nümunəsidir.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva görüş iştirakçılarını “Ahıllar günü” münasibətilə təbrik edərək bildirib ki, yaşlılara, ağsaqqallara qayğı və ehtiram göstərmək yüksək insani keyfiyyət nümunəsidir və bu münasibət xalqımızın uzun əsrlərdən gələn adət-ənənəsi olmuşdur. Vurğulayıb ki, biz yaşlı nəslə ehtiramın və qayğının ali nümunəsini Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətinin bütün mərhələlərində görmüşük. Bu gün də Ulu Öndərin siyasətini uğurla davam edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ahıllara göstərdiyi diqqət və qayğı gənc nəsillərə bir örnəkdir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman yaşlı insanların qayğısına qalır, onların sosial problemlərinin həllinə daha çox diqqət edir.
Sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək bildirib ki, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim güclənən sosial siyasətini xarakterizə edən əsas cəhətlər sırasındadır.
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından ağsaqqalları “Ahıllar günü” münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı, işlərində uğurlar arzulayıb. O, həmçinin, ölkəmizdə ağsaqqallar hərakatının tarixindən və onlara göstərilən dövlət qayğısından danışıb. Respublikamızda həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə də gənclər arasında maarifləndirmə işinin aparılmasının zəruriliyini və rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirakının əhəmiyyətini vurğulayıb.
Çıxış edən digər ağsaqqallar da onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva minnətdarlıqlarını bildirərək, hər zaman ölkəmizin, vətənimizin inkişafında, gənclərimizin maarifləndirilməsində əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.
Sonda Rayon Ağsaqqallar Şurasının üzvlərinə səmərəli fəaliyyətləri və yubileyləri münasibətilə təşəkkürnamələr və hədiyyələr təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.