Nəsimi Rayon Ağsaqqallar Şurasının, Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Niaqara” şadlıq sarayında 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon Ağsaqqallar Şurasının, Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri və veteranları, rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski məruzə ilə çıxış edərək tədbir iştirakçılarını və xalqımızı Zəfər Gününün dördüncü ildönümü münasibətilə təbrik edib. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə böyük Zəfər qazanan rəşadətli Ordumuzun, o cümlədən Nəsimi rayonundan olan əsgər və zabitlərin göstərdiyi qəhrəmanlıqlardan danışıb. Qeyd edib ki, bu gün müstəqil ölkəmiz şanlı tariximizin ən şərəfli günlərini, 30 illik həsrətinə son qoyulan xalqımız isə bu böyük qələbənin xoşbəxtliyini və sevincini yaşayır. Ən böyük arzusu Vətən torpaqlarını azad görmək olan Ulu Öndər Heydər Əliyevin və suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhları bu gün şaddır. Natiq, həmçinin, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşıldığını, diqqət və qayğı göstərildiyini qeyd edib. Vurğulayıb ki, bu nəcib işdə Rayon Ağsaqqallar Şurasının üzvləri də yaxından iştirak edirlər.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Sonda şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanılıb.