Xəbərlər

Nəsimi rayonunda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda görüş təşkil olunub

11 aprel 2023-cü il tarixində Nəsimi Rayon İcra Hakimiyyətində (RİH) müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Nəsimi RİH, YAP Nəsimi rayon təşkilatı və Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda görüş təşkil olunub.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Tibb elmləri doktoru, Əməkdar elm xadimi, professor, Türk Dünyası Uluslararası Akademiyanın həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şadlinski, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,  fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi  Misir  Mərdanov,   Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin sədri, AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri Sudeyif İmamverdiyev, professor, ictimai-siyasi xadim, Əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, habelə QHT rəhbərləri,  rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Nəsimi  Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək qeyd edib ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan Ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin xidmətləri var, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Ən əsası odur ki, Heydər Əliyevin Prezident seçilməsindən sonra biz müstəqillik tarixində ilk dəfə olaraq əsl iqtidarın, səriştəli rəhbərliyin, güclü mərkəzi hakimiyyətin, xalq-iqtidar birliyinin nə olduğunun şahidi olduq. Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı. Bu gün torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmiş, müstəqilliyini, suverenliyini daha da möhkəmləndirmiş Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş yolunda inamla irəliləyir. Müstəqil Azərbaycan var olduqca, onun qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də əbədi yaşayacaqdır.

Professor Misir Mərdanov çıxış edərək bildirib ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır.  Görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib.

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı güclü, mətin, müstəqil görmək istəyirdi, bundan ötrü qüvvəsini əsirgəmədi və Ulu Tanrının ona bəxş etdiyi fitri istedadı, qətiyyəti, diplomatik qüdrətini tam surətdə bu istiqamətə yönəltdi. Azərbaycan xalqı hər zaman bunu görür və bütün qəlbi ilə hiss edirdi, inanırdı ki, Ulu Öndər millətimizi xoşbəxt, firavan gələcəyə, sərhədlərimizin toxunulmazlığına, dünya tərəfindən hörmət və ehtirama, iqtisadi və siyasi əmin-amanlığa aparır. Bu gün Azərbaycanımızın inamlı irəliləyişi, dövlətlərin siyasi müstəvidə ölkəmizin mövqeyi, hayati maraqları ilə hesablaşması onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları reallıqda öz təcəssümünü tapmış, onun uzaqgörənliyi nəinki dövlətimizin, eləcə də yaxın və uzaq geosiyasi arenanın sabitliyinin təmin olunmasında həlledici rol oynayıb. O, Azərbaycanın həqiqi, real müstəqilliyinin əsasını, bünövrəsini qoymuş, dünya siyasətçilərinə vətənpərvərliyin hər zaman diplomatiyanın, idarəçiliyin ana xətti olduğunu bütün şərəfli fəaliyyəti, xalqa, millətə xidməti ilə sübut edib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər zaman, qərinələr keçsə belə, əziz və müqəddəsdir!

İctimai-siyasi xadim Şahlar Əsgərov və AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev çıxış edərək vurğulayıblar ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Məhz həmin illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, iqtisadi və sosial islahatların aparılması, dünya birliyinə inteqrasiya siyasətinin həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən, özünü dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim edə bilən bir ölkəyə çevrilib. Bu gün ölkəmizdə və onun hüdurlarından kənarda uğurla həyata keçirilən layihələr, görülən nəhəng işlər Ulu Öndər Heydər Əliyev ideyalarını, onun azərbaycançılıq fəlsəfəsini, dövlətçilik irsini yaşatmaqdadır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.