Nəsimi Rayon Ağsaqqallar Şurası YAP Nəsimi rayon təşkilatı ilə birlikdə Azərbaycan Tibb Universitetinin dosenti Şöhrət Qasımovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Nəsimi Rayon Ağsaqqallar Şurasının və YAP Nəsimi rayon təşkilatının üzvü olan yubilayarın tədbirində hər iki qurumun rəhbərliyi və Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti iştirak edib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Tibb Universitetinin professoru, Əməkdar elm xadimi Vaqif Şadlinski çıxış edərək yubilyarın zəngin həyatından və dəyərli elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə tibb təhsilinin inkişafına verdiyi töhfələrdən, tələbələrin peşəkar mütəxəssis kimi yetişdirilməsindəki xidmətlərindən və ictimai-siyasi fəaliyyətindən bəhs edib. Qeyd edib ki, yubilyarın yüksək pedaqoji təcrübəsi, peşəkarlığı və tələbələrə münasibəti gənc müəllimlər üçün örnəkdir. Professor Vaqif Şadlinski, həmçinin, Şöhrət Qasımovun Nəsimi Rayon Ağsaqqallar Şurasının təşkil etdiyi tədbirlərdə fəallığını da yüksək qiymətləndirib. Çıxışının sonunda natiq Şöhrət Qasımovu şərəfli və fədakar həyatının əlamətdar ildönümü – 80 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb, Nəsimi Rayon Ağsaqqallar Şurasının “Təşəkkürnamə”sini təqdim edib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov da öz çıxışında Şöhrət Qasımovun həm pedaqoji fəaliyyəti, həm də Yeni Azərbaycan Partiyasının veteran üzvü kimi ictimai-siyasi həyatda iştirakı ilə seçildiyini qeyd edib. Yubilyarın uzun illər ərzində ölkənin təhsil və səhiyyə sahəsində kadr hazırlığına verdiyi töhfələrin, gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətindəki fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Azər Süleymanov çıxışının sonunda YAP Nəsimi rayon təşkilatı adından Şöhrət müəllimə “Təşəkkürnamə” və qiymətli hədiyyə təqdim edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək işlərində nailiyyətlər diləyib.
Tədbirdə çıxış edən Nəsimi Rayon Ağsaqqallar Şurası Təftiş Komissiyasının üzvü, İnsan anatomiyası və tibbi terminalogiya kafedrasının müdiri Nəriman Mövsümov və Şura sədrinin birinci müavini Xalid Kərimov da Şöhrət müəllimin ağsaqqal nüfuzundan geniş söz açaraq onu yubileyi münasibətilə xoş və səmimi arzularla təbrik ediblər.
Nəsimi Rayon Ağsaqqallar Şurasının və YAP Nəsimi rayon təşkilatının üzvü, Azərbaycan Tibb Universitetinin dosenti Şöhrət Qasımov göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına – Nəsimi Rayon Ağsaqqallar Şurasına və YAP Nəsimi rayon təşkilatına minnətdarlığını bildirərək, yubileyinin belə səmimi və yaddaqalan şəraitdə qeyd olunmasından məmnunluğunu ifadə edib.



