Nəsimi Rayon İcra Hakimiyyətinin böyük akt zalında Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ağsaqqallarla yanaşı, ümumtəhsil məktəblərini təmsil edən pedaqoji kollektivlər, rayon ərazisində yaşayan nümunəvi ailələr və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski gənclərin böyüdülməsində, savadlanmasında, eləcə də vətəninə, xalqına layiqli vətənpərvər bir övlad kimi yetişməsində ailələrin əhəmiyyətli rolundan bəhs edib. Gənc ailələrin üzvlərinə dəyərli məsləhətlər verib. Natiq ölkəmizdə ailənin bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunduğunu vurğulayaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan ailəsini və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız cənab İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Dövlət ailə siyasəti möhtərəm Prezidentimizin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlə ailə institutunun inkişafında da öz əksini tapmaqdadır. Professor Vaqif Şadlinski xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva ailə, qadın və uşaq məsələlərinə, bu sahədəki aktual problemlərin həllinə həssas münasibəti ilə hər zaman seçilir.
Sonra tədbir faydalı müzakirələrlə və bədii hissə ilə davam etdirilib.



